Qarabağ haqda film çəkmək üçün evini satan adam: Azərbaycanlı "Drakon"

Qarabağ haqda film çəkmək üçün evini satan adam: Azərbaycanlı "Drakon"
SOSİAL
16:31 16.03.2017
26397
Hacıbəy Heydərli 
 
Onu çoxu "Dolu” filminin "Drakon”u kimi tanıyır. İlk baxışdan olduqca sərt, aqressiv təsiri bağışlayan "Drakon” əslində çox mülayim, səmimi və kövrək insandır. Əslində, kənardan belə görünən insanlar çox fərqli olurlar: Eynilə Rza kimi...
 
Mən Rza 2 il öncə Türkiyədə təhsil alarkən tanış oldum. Onu ilk görəndə bura niyə gəldiyini soruşdum və ilk cavabdan da şoka düşdüm: "Mən İstanbula təhsil almağa gəlmişəm, burada radio, televiziya, sinema fakültəsində magistr oxuyacam”.  
 
Təəcüblənməyimə səbəb isə Rzanın Bakıda məmur olması və yaşayış üçün hər cür şəraitinin olması idi. Düşündüm ki, "21-ci əsrdə 40 yaşlı adamı nə vadar edər ki, işini, gücünü, yaxşı şəraitini atıb, gəlib təhsil alsın?" Səmimi deyim ki, dünənə qədər hələ də bu addımı normal qarşılaya bilmirdim. 
 
Tale elə gətirdi ki, Rzayla bir evi bölüşdük və bu şəxs hər keçən gün bizi bir az da təəcübləndirirdi. İstanbulun gecə həyatı, rahatlığı, huzuru hər kəsə bəllidir. Biz də dostlarla 1-2 dəfə evə gec gəldik və Rzanın buna reaksiyası belə oldu: "Mən bura təhsil almağa gəlmişəm, siz evə gec gəlirsizsə, mən siznən qala bilməyəcəm”.
 
Rzanın bu sərt sözlərinin, görünüşünün arxasında da dəhşətli bir qayğı dururdu. Belə ki, biz evə gəlmədən, Rza yatmırdı, bizsiz yemək yeməyə, metrobüsə, avtobusa getmirdi. Şəhərdə olarkən belə evə dönərkən bizə zəng edib, xəbər edirdi”.
 
Rza Rzayevin özünəməxsus xarakteri var, bu xarakter əsl kişi xarakteridir, açığı deyim indiki zamanda çox az adamda belə xarakter var. Eyni zamanda onun kaprizlərini də daşımaq hər adamın, hər qadının, hər ananın işi deyil. Rzanı xoşbəxt etmək çox çətindir, qadın gərək tamamilə ona aid olsun: "Məsələn, Rza heç vaxt sosial qayğılarla maraqlanmır, evdə söz-söhbətə səbri yoxdur, çox tez əsəbiləşəndir, həssaslığından isə danışmağa dəyməz. Ona adi salamı bir təhər versən, günlərlə gecələr yatmaz, bunun səbəbini düşünər.
 
Rzanın dəqiqliyi və sadiqliyinə bir misal çəkim: "O 20 ildən çoxdur ki, metroya eyni vaqon və eyni qapıdan eyni saatda daxil olur. Rza deyir ki, mən xəyanəti sevmirəm, bu xəyanət təkcə insanlara deyil, heç əşyalara, əlamətlərə də olmaz”.
 
Mən Rzanın simasında əmin oldum ki, sənət adamları qeyri-adi olur, onlarla anlaşmaq, onları razı salmaq, addımlarına haqq qazandırmaq çox çətin olur. Elə bu səbəbdən də yaradıcı insanlar çox vaxt ailə qurandan sonra problem yaşayır, Rza da məhz bu səbəbdən özündən çox qarşındakini düşündüyü üçün bu günə qədər subaydır. Rza tanıdığım yeganə insandır ki, onun nə vaxt nə edəcəyi bəlli olmur, adi bir sözlə səninlə qəbirə qədər dost da ola bilər, düşmən də. 
 
Rza bəlkə də bu səbəbdən evlənməyib. O bir məqaləsində yazır: "İndi oğlanlarımız qızların ilk sevgisi olmaq istəmirlər. İndi oğlanların çoxu qızların ikinci sevgiləridir. Qızların çoxusa heç zaman ilk sevgilərini unutmurlar. Həmişə bir evdə ikincisi ilə yaşayırlar. Həmişə xəyalları birincinin yanında qalır. Onunla yaşadığı, keçirtdiyi günləri xatırlayırlar. Həmişə müqayisə aparırlar, evdəkini çöldəki ilə müqayisə edirlər. Çox zaman evdəkini kişi saymırlar. Sən ki, mənim kimi sevdiyimi ən azı bilirdin, deyə düşünürlər. Qadınlar heç zaman ikinciləri kişi saymırlar. Həmişə içlərində bu kişilərə üstdən aşağı baxırlar. Qadın içi qəbul etmir bu kişiləri. İkincinin səsinə tez-tez diksinirlər. İndi bu məmləkətdə əlini Qurana qoyub sənə qədər kimisə sevməmişəm, kimləsə danışmamışam, kimləsə görüşməmişəm deyəcək qızlar tapmaq çox çətindir. İndi "bakirə ürək" tapmaq çox çətindir. İndi bu məmləkətdə birinci olmaq istəyən oğlanlar çox azdır. Çoxları ikinci olmaq istəyirlər - təki maşın, ev, vəzifə olsun. Çoxları qız evinə köçmək istəyirlər". 
 
Bəlkə də məhz bu səbəbdən bu günə qədər subaydır: Rza onun böyüklüyünü dərk edəcək və qaldıracaq insanla qarşılaşmayıb yəqin, ya da qarşılaşdığı insan o qədər böyük olub ki, ona xəyanət edə bilməyib.
 
Uzun sözün qısası Rza bizimlə bir neçə ay qalandan sonra evdən ayrıldı və 1 ilə yaxın müddətdə oteldə yaşadı. İlk baxışdan qəribə səslənə bilər, amma həqiqətən də yaşadı, bəlkə də dünya otelçilik tarixində nadir hallarda yaşanan olay idi bu: Bir şəxs 1 il bir otağı bron etdi. Və... bunu etməyinin səbəbi heç də bizim evə gec gəlməyimiz, onunla mübahisələrimiz deyil. Rzanın İstanbula gələn ilk gündən bir arzusu var idi: "Mən azərbaycanlıların filmini çəkəcəm. Elə film ki, orada hər kəs özünü görəcək, özünü tapacaq” Rza "Geyilməmiş ayaqqabılar” filminin ssenarisini də bizə danışırdı, o deyirdi ki, sənət onun yaşam tərzidir.
 
Və...dünən həmin filmin təqdimatı oldu. Film haqda hər kəs xoş sözlər dedi, ancaq məni şoka salan film yox, filmdən sonra tanınmış jurnalist İradə Tuncayın dedikləri oldu: "Rza bu filmi çəkmək üçün, uzun illər çalışıb, aldığı evini satıb”
 
41 yaşında hər şeyini atıb, təhsil almağa İstanbula gələn adamdan daha nə gözləmək olardı ki?
 
Rza ilk tanıdığım gün olduğu kimi yenə də məni şoka saldı.
 
Ancaq "Geyilməmiş ayaqqabılar”a görə işdən ayrılmaq da haqdır, evini satmaq da. Təki sənət yaşasın və tarixdə "Azərbaycan və Azərbaycanlılar üçün bunu edən bir Rza var idi" sözləri qalsın.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR