Eldəniz ElgünBu gün erməni lobbisinin türklüyə qarşı apardığı savaş, Avropa Parlamenti kimi təşkilatların ermənilərə dəstək verməsi, hər bir türkə dönüb geriyə bir daha baxmağın zərurətini anlatdı. Çünki bəlkə də təmsil olunduğumuz türk toplumunun nə qədər güclü olduğunu düşünərək, özümüzün özümüzə bir biganəliyi yaranıb. Sanki içimizdəki EQO hər gün böyüyür, böyüdükcə biz gerçək tariximizdən uzaqlaşır, türkə nifrətlə yanaşan erməni isə saxta tarixini daha da genişləndirərək, aborigen millət geyimini əyninə geyinir. Bunun nəticəsində nələr baş verdi?Türkiyə başda olmaqla türkdilli dövlətlər tarixlər boyu yaşadıqları həqiqətləri dünyaya tanıtmaq üçün “arxivlərimizi açırıq, gəlin baxın” deyə səs saldıq. Amma bu səsi nə Vatikanın eşitmə qabiliyyəti zəifləmiş Roma Papası, nə də bir addımlığımızda olan dövlətlərin rəhbərləri eşitdi. Eşitmək istəmədilər. Bax onda aydın oldu ki, dünən yaşadığımız tarixi unutmağa dəyməzdi. Onda aydın oldu ki, təvəzökarlığı bir kənara atıb kimliyimizi hər addımda nümayiş etdirməliyik.Təəssüflər ki, əsrlər boyu hökmdar dəyişiklikləri yaşadıqca, tariximizin bir mərhələsini ya yox etdik, ya da yeni tarix yazmaq arzusu ilə unutduq. Böyük Teymur Toxtamışı unutdurmağa çalışdı, Sultan Səlim Şah İsmayılı unutdurmağa çalışdı, bir sərkərdəmiz digərini tarixdən silməyə çalışdı və günlərin birində dünənə baxıb bir qarmaqarışıqlıq gördük. Amma bu gün baş verənlərə “dur” deyib yaşanan hər günün bir tarix səhifəsinə çevrilməsinə başlamalıyıq. Və deyəsən başlamışıq.Bu yazılan tarixdə sözsüz ki, minlərlə insanın faciəsinə çevrilən bir Qarabağ tarixi də var və bəlkə də indi ən vacib tarixi səhifə də Qarabağ səhifəsi olmalıdır. Türk dünyasının intellektual kəsiminin “soyqırımı” ərəfəsində bu istiqamətdə gördükləri işlər sübut etdi ki, Qarabağ tarixi, müharibə gündəliyi, savaş ədəbiyyatı bəlkə də hamının bir-birindən xəbəri olmadan yazılmağa başlayıb.Türkiyədə tədqiqatçı Qafar Çaxmaqlının kitabı, jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar“ kitabı, Avropada istedadlı rejisor və yazarlarımızın müharibə ilə bağlı çəkdikləri filmlərin nümayişi sevindirici xəbər oldu.Bu günlərdə isə daha maraqlı və MÜHARİBƏ ƏDƏBİYYATI deyə adlandıracağımız uğurlu bir addım atıldı. Belə ki, Türkiyədə “Qarabağ hekayələri” adlanan kitab çap olundu. Dəyərli millət vəkilimiz Qənirə Paşayeva ilə Türkiyədə Azərbaycanın mənəvi səfiri, yazar İmdat Avşarın birgə çap etdirdiyi bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Qənirə Paşayeva, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin hekayələri yer alıb.Artıq on ildir ki, Qarabağ həqiqətlərinin, müharibə ədəbiyyatının təbliği ilə məşğul olan, 5 türkün belə yaşadığı ən ucqar bölgədə türklüyün, Qarabağ həqiqətlərinin təbliğini əsas vəzifəsi elan edən millət vəkili Qənirə Paşayevanın bu addımı da ciddi bir addım oldu. Çünki bu kitaba mən əslində “Qarabağ hekayələri” adını verməzdim və bu kitab mənim üçün Qarabağ savaşını özündə əks etdirən ƏDƏBİ ENSKLOPEDİYAdır. Və yəqin ki, bu ENSKLOPEDİYA daha da böyüyəcək, Qarabağ həqiqətləri insanlara təkcə faktlar, olaylar şəkilində yox, həm də yaradılan bədii nümunələr əsasında çatdırılacaq. Buna görə millət vəkili Qənirə Paşayevaya təşəkkür etmək belə, azdı.Həmçinin çox qısa zamanda tanıdığım İmdat Avşar haqqında da bəzi fikirlərimi bölüşmək istərdim. İmdat Avşar zənnimcə Türkiyənin Azərbaycanda, Azərbaycanın isə Türkiyədə MƏNƏVİ SƏFİRİDİR. Bu insanın bütövlükdə fəaliyyəti TÜRK ƏDƏBİYYATIna, AZƏRBAYCANSEVƏRLİYƏ yönəlib. Bu gün erməni lobbisinin milyonlarla dollar vəsaiti hesabına türklüyə qarşı savaş aparan beyin mərkəzlərinə İmdat Avşar qardaşımız əvəzsiz cavab verə bilir və Azərbaycanın sayseçmə yazarlarının əsərlərini Türkiyə türkçəsinə çevirməsi buna misaldır. İmdat Avşar bu addımı ilə əslində Türkiyə ilə Azərbaycan arasındakı bütün sərhədləri sıradan çıxarır.