Xəbər verdiyimiz kimi, "Qarabağ” Almaniyanın "Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edib.
"Qarabağ” inamlı qələbə qazanaraq həm azarkeşlərini sevindirdi, həm də son zamanlar səslənən bütün tənqidlərə meydanda cavab verdi.
Futbol şərhçisi Ramiz Mirzəzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, "Qarabağ”ın qazandığı bu qələbə olduqca həlledicidir:
""Qarabağ”ın yalnız "Liverpul”la oyunu qalıb. Bu görüş Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda İngiltərədə keçiriləcək. "Qarabağ”ın qazandığı bu qələbə olduqca həlledici və çox əhəmiyyətlidir. Bu nəticə ilə xallarımızı artırdıq. Bu isə o deməkdir ki, komandamızın keçid pley-off mərhələsinə yüksəlmək şansı xeyli artıb və artıq 90 faizdən də yuxarı qiymətləndirilir. Yəni, hər hansı bəxtsizlik olmasa, "Qarabağ” keçid (pley-off ) mərhələsində oynayacaq. Oradakı rəqibin adı isə son turdan sonra bəlli olacaq”.
Ekspert deyib ki, bu, qələbə Azərbaycan futbolu tarixi üçün yeni bir səhifədir:
"Bu, qələbə Azərbaycan futbolu tarixi üçün yeni bir səhifədir. "Qarabağ” bu mövsüm Çempionlar Liqasında ikinci dəfə iştirak etməklə, ilk turdan etibarən həm özü, həm də ölkə futbolu üçün yeni tarix yazmağa, yeni rekordlar qırmağa başlayıb və bu möhtəşəm, şanlı yolu davam etdirir. Hər birimiz çox sevincliyik və inanırıq ki, bu ssenarini hələ dəfələrlə yaşayıb izləyəcəyik”.
Şahanə Ziyad










































