'Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir'

13:04 06.02.2013
806

Məlum olduğu kimi, ABŞ Prezidenti tərəfindən Administrasiyada yüksək vəzifələrə namizədliyi irəli sürülən şəxslər ABŞ Senatı tərəfindən təsdiq olunmalıdırlar.

Bu prosesdə namizədlər Senatın müvafiq komitələrində dinləmələrdə iştirak edir və senatorların şifahi və yazılı suallarına cavab verirlər.Artıq dövlət katibi vəzifəsində fəaliyyətə başlayan Con Kerrinin namizədliyinin təsdiqi ilə bağlı Senatın Xarici Əlaqələr Komitəsində 24 yanvar tarixində keçirilmiş dinləmədə senatorlar tərəfindən ona bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də regiondakı ümumi təhlükəsizlik mühiti ilə bağlı yazılı suallar təqdim olunmuşdu.Con Kerri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı suala cavab verərkən, hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirmiş və təyin olunacağı təqdirdə, münaqişənin həlli prosesində ABŞ-ın aktiv rolunun davam edəcəyini vəd etmişdir.O, hal-hazırda həmsədrlərin yeni ideyaları nəzərdən keçirməyə davam etdiklərini qeyd etmişdir.Senatorların Rusiya Prezidenti V. Putinin son zamanlar Rusiya və digər post-sovet ölkərindən ibarət “Avrasiya Birliyi” yaratmaq təşəbbüsü, Rusiyanln 2008-ci ildə Gürcüstan ərazilərini işğal etməsi, daha sonra Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri tanıması, eləcə də Azərbaycanda Qəbələ radio-lokasiya stansiyasının bağlanması kontekstində, Rusiya tərəfindən post-sovet ölkələrinin müstəqilliyinə olan təzyiqlərə qarşı ABŞ-ın siyasətinin necə olacağı barədə sualına cavab olaraq, Con Kerri bildirmişdir ki, ABŞ-ın bu ölkələrin müstəqilliyinə olan dəstəyi qətidir və bu dəstək hər hansı müzakirə mövzusu ola bilməz.Prezident Obamanın müdafiə naziri vəzifəsinə namizədi olan Çak Heqelin təsdiqi ilə bağlı 31 yanvar tarixində Senatın Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmədə ABŞ senatorları ona Azərbaycanla bağlı yazılı suallar vermiş, xüsusilə iki ölkə arasındakı strateji tərəfdaşlığın perspektivləri ilə maraqlanmışlar.

Çak Heqel öz yazılı cavablarında ABŞ və Azərbaycan arasındakı müdafiə sahəsində əməkdaşlığın güclü olduğunu vurğulamış və müdafiə naziri vəzifəsinə təsdiq olunarsa, bu əməkdalığın gücləndirilməsi istiqamətində səylərin davam edəcəyini bildirmişdir. O, Azərbaycanda müdafiə sahəsində islahatlar, NATO ilə uyarlılığın artırılması, terrorizmlə mübarizə, dəniz təhlükəsizliyi və enerji infrastrukturunun mühafizəsi sahələrində əməkdaşlığa davam ediləcəyini bəyan etmişdir.Çan Heqel mövcud əməkdaşlığı gücləndirmək və bu əməkdaşlığın yeni sahələrə genişləndirilməsi üçün Azərbaycan tərəfi ilə yüksək səviyyədə məsləhətləşmələrə davam etmək niyyətində olduğunu bildirmişdir O, Əfqanıstandakı əməliyyatlar kontekstində Azərbaycanın çox mühüm tranzit rolu oynadığını xüsusilə təqdir etmişdir.İranın Azərbaycana göstərdiyi təzyiqlərlə bağlı suala cavab olaraq, Çak Heqel İranın sabitliyə qarşı yönəlmiş fəaliyyəti ilə bağlı dərin narahatlıqları olduğunu bildirmiş və bu kontekstdə, ABŞ və Azərbaycan arasında ortaq maraqların mövcudluğunu qeyd etmişdir.

OXŞAR XƏBƏRLƏR