"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.
AZXEBERE.COM Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir ki, komanda Niderland, Ukrayna və Avstriya təmsilçiləri ilə qarşılaşacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq. İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov "Metallist”i olacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Dörd gün sonra "Qarabağ” "Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə 17:00 və 19:15-də start götürəcək.
İyulun 15-də baş tutacaq toplanışın son matçı "Zalsburq”a qarşı olacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. Qarşılaşmalar Kaprun stadionunda keçiriləcək.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən komanda iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək. "Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən "Tauern” otelində məskunlaşacaq.