Nicat Əlibəyli
Yaşıl zəmi ilə yaşıl torpaq zahirən fərqli görünə bilər, amma mahiyyətcə eyni kökə bağlıdır. Biri stadionlarda üzərində mübarizə aparılan meydandır, digəri isə tariximizin, yaddaşımızın və şəhidlərimizin uyuduğu Vətən torpağı. Hər ikisinin adı bir nöqtədə kəsişir: Qarabağ.
Uzun illər gözləntilərimiz oldu. Bu gözlənti nə unutqanlıq idi, nə də küskünlük. Otuz il işğal altında qalan torpaqlar yaddaşımızdan silinmədi, şəhidlərimiz unudulmadı, qazilərimizin haqqı danılmadı. Sadəcə səbir vardı, zamanla və dövlətlə bağlı inam vardı. Qarabağ heç vaxt tərk edilmədi.
Bu torpaq dünyanın hər yerində bitən adi torpaq deyil. Hər yerdə gül bitər, amma hər torpaq Xarıbülbül yetişdirməz. Xarıbülbül Qarabağın səssiz müqavimətidir, əyilməyən yaddaşıdır. Torpaq işğal altında olsa belə, kimliyini qoruduğunun rəmzidir. Biz də elə bu cür gözlədik: sakit, səbirli və inamla.
İllərdir yaşıl zəmidə müxtəlif klublar, fərqli formalar Azərbaycanı təmsil edir. Bu, futbolumuzun gücüdür. Amma həmin təmsilin kökü bir torpağa bağlanır. Qarabağ bəzən Vətən kimi səslənir, bəzən isə həmin Vətənin adını daşıyan və ölkəni Avropada ləyaqətlə təmsil edən bir komanda kimi – Qarabağ FK. Burada söhbət təkcə nəticədən yox, məsuliyyətdən və duruşdan gedir.
Məhz buna görə bəzən tələbkar, bəzən də incik olmuşuq. Həm Qurban Qurbanova, həm də meydanda formanı daşıyan futbolçulara. Amma bu inciklik inamsızlıqdan doğmayıb, adın ağırlığından doğub. Qurban Qurbanovun oyunöncəsi "az da olsa, istirahət etdik” deməsi də bu sakit inamın ifadəsi idi – nə bəhanə, nə də pafos. Nəticə isə meydanda cavabını verdi.
Qarabağ – Ayntraxt Frankfurt oyunundakı qələbə sadəcə bir tablo deyildi. Bu, illərlə içimizdə yaşatdığımız gözləntilərin, səbrin və inamın nəticəsi idi. Qarabağ FK bir daha sübut etdi ki, o, sadəcə qalib gələn komanda deyil, daşıdığı ada cavab verən bir təmsildir.
Nə qədər ki yaşıl zəmi ilə yaşıl torpaq bir-birinə baxır, yol dəyişmir, ad dəyişmir. Qarabağ torpaq olaraq da, komanda olaraq da eyni dəyəri ifadə edir.
Qarabağ — Qarabağdır. Yaşıl zəmi və yaşıl torpaq.










































