Xocavəndin Qaradağlı kəndinin sakinləri Qarabağ müharibəsində şəhid olan həmkəndlilərinin xatirəsini əbədiləşdirmək məqsədiylə abidə ucaldıb. Qeyd edək ki, Qaradağlı kəndi Xocavəndlə Xankəndini birləşdirən magistral yolun üzərində strateji baxımdan əhəmiyyətli ərazidə yerləşir. Ermənilərin yaşadığı kəndlərin əhatəsində olan Qaradağlıya 1988-ci ildən etibarən müntəzəm hücumlar olub. 1991-ci ilin sentyabrından etibarən isə kəndə yalnız vertolyotlarla getmək mümkün idi. Kəndi ən çox ziyarət edən isə telereportyor, Milli Qəhrəman Çingiz Mustafayev olub.1991-ci ilin sonlarında qadın, uşaq və qocalar kənddən çıxarılsa da, əli silah tutan hər kəs Qaradağlının müdafiəsinə qalxır. 1992-ci ilin fevral ayının 16-dan 17-nə keçən gecə ermənilər 366-cı alayın köməyi ilə ağır silahlarla kəndə hücum edir. Son gülləsinə qədər döyüşən sakinlərdən sağ qalanlar əsir götürülür və 33 nəfər Xankəndinə aparılan zaman yolda güllələnərək təsərrüfat quyularında basdırılır. 35 nəfər işgəncələrə dözməyərək əsirlikdə dünyasını dəyişir. Ümumilikdə, Qaradağlı kəndinin hər 9 nəfərindən biri şəhid olub.