Tanınmış idman şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, "Qarabağ” üçün son dərəcə vacib qarşılaşmadır:
""Ayntraxt”ın turnirdəki vəziyyəti "Qarabağ”dan daha çətindir. Alman klubunun aktivində cəmi 4 xal var, "Qarabağ”ın isə 7 xalı. Yəni, "Ayntraxt” növbəti mərhələyə yüksəlmək üçün bir yox, iki qələbə qazanmağa məcburdur. Məhz buna görə də bu matçda qələbə üçün mütləq şəkildə oynayacaq tərəf "Ayntraxt” olacaq”.
Ekspert bildirib ki, "Qarabağ” rəqib komandanın hücumda olan boşluqlarından istifadə edə bilər:
"”Ayntraxt” qalib gəlmək üçün üzərimizə gələcək və bu da onların müdafiədə boşluqlarının daha da artmasına səbəb olacaq. "Qarabağ” isə məhz bu boşluqlardan maksimum istifadə etməyə çalışacaq. Komandamız qapanan yox, hücumameyilli futbol oynayan rəqiblərlə daha rahat oyun qurur. Belə rəqiblərə qarşı "Qarabağ”ın qol vurmaq şansı daha yüksək olur”.

İdman şərhçisi qeyd edib ki, "Ayntraxt”da qeyri-müəyyənlik hökm sürür:
"Bakıya gələn "Ayntraxt”ın heyətində mərkəz hücumçusu yoxdur. Komandada bir neçə zədələnmiş futbolçu da var. Üstəlik, baş məşqçi də dəyişib və düşərgədə qeyri-müəyyənlik hökm sürür. Bütün bu amilləri nəzərə alsaq, "Qarabağ”ın "Ayntraxt”ı məğlub etməsi tam realdır. Üstəlik, komandamız bundan əvvəl də "Ayntraxt”dan daha güclü rəqibləri məğlub edib. Hətta bu oyunda 2:1 hesablı qələbə də mümkündür.
O qeyd edib ki, "Qarabağ" bu gün qalib gəlsə, növbəti mərhələyə çox yaxınlaşacaq:
"Əgər qələbə qazanılsa, "Qarabağ” növbəti mərhələyə yüksəlmək şansını təxminən 85–90 faiz təmin edəcək. Bu isə klub üçün yeni bir tarix demək olar”.
Şahanə Ziyad










































