Qarabağa səfər edən tələbə Azərbaycana açıq məktub yazdı

SİYASƏT
13:40 03.10.2013
1525

Adı bir müddət əvvəl Azərbaycanın işğal olunan torpaqlarına qeyri-qanuni səfərə görə “qara siyahı”ya düşən Vaşinqtondakı Cons Hopkins Universitetinin beynəlxalq tədqiqatlar məktəbinin və Moska Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunu İvan Benyoviç açıq məktub yazıb.

AZXEBER.COM-un verdiyi xəbərə əsasən, o sentyabrın 23-də, bazar ertəsi Azərbaycan KİV-lərindən adının Azərbaycan Respublikasının “arzuolunmayan şəxslər” (persona non grata) siyahısından çıxarıldığı barədə şad xəbər oxuduğunu yazıb.“Adım həmin siyahıya mən bu ilin yanvarında universitetimiz tərəfindən Ermənistana və Azərbaycana təşkil olunan səfərlər çərçivəsində bir qrup tələbə ilə birlikdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edəndən sonra daxil edilib.Əvvəlcədən oraya getməyi planlaşdırmamışıq, bu barədə bizə ancaq səfərdən bir neçə gün əvvəl məlumat verilmişdi, artıq oraya yola düşməkdən imtina etmək gözlənilməz nəticələrə yol aça bilərdi.Bizim qeyri-qanuni olaraq, Dağlıq Qarabağa gedib-çıxmağımızda kimin günahkar olduğunu demək mənə çətindir. Günahkar səfərin bütün təfərrüatları barədə bizə məlumat verməmək qərarına gələn professorlarımızdır, yoxsa ki professorlarımıza məhz bu cür davranmağı tövsiyə edən erməni təşkilatçılardır, bunu bilmirəm. Ancaq bir şeyi bilirəm. Əgər mənim edəcəyimiz səfərin marşrutunda Ermənistan və Azərbaycanla yanaşı, rəsmi Bakının icazəsi olmadan Qarabağa səfərimizin də baş tutacağından əvvəlcədən xəbər tutsaydım, oraya yola düşməkdən qəti şəkildə imtina edərdim.Arzuolunmayan şəxslərin siyahısı İnternetdə dərc olunandan sonra, mən adımın həmin siyahıdan çıxarılması ilə bağlı Azərbaycan rəhbərliyinə xahiş məktubu ilə müraciət etmək qərarına gəldim. Bu qərarı təkcə ona görə vermədim ki, gələcəkdə Azərbaycana səfər etmək imkanından məhrun olacağam, bunu həm də ona görə etdim ki, həmkarlarımla birgə etdiyim səfərdən sonra özümün “antiAzərbaycan imicim”in yaranmasından narazı idim.Biz Dağlıq Qarabağa çatandan sonra, yerli əhali səfərimizi münaqişə ilə bağlı onların mövqelərini dəstəkləməyimiz kimi qələmə verməyə başladı, belə bir fürsətdən istifadə edilərək, bütün KİV-lərdə vəziyyət elə işıqlandırıldı ki, guya biz sözügedən ərazinin müstəqilliyinin leyinə çıxış edirik, oraya da Bakının qadağalarına zidd olaraq, onlara öz dəstəyimizi nümayiş etdirmək üçün gəlmişik. Amma bu belə deyil.Mən münaqişə tərəflərindən hər birinin mövqeyinə qərəzli yanaşmamağa çalışıram. Hesab edirəm ki, istənilən ölkəyə, o cümlədən də, Azərbaycana hörmətlə yanaşmaq, onun qanunvericiliyinə və ərazi bütövlüyü məsələsinə riayət etmək lazımdır.Bəzi həmkarlarım adlarının bu siyahıya düşməsi ilə fəxr edirlər. Hesab edirəm ki, yad ölkənin qanunvericiliyinin bilərəkdən pozulması ilə fəxr etmək özündənrazılıq və böyük hörmətsizlik əlamətidir. Qərbdə bir çoxları əcnəbilər onların öz ölkələrinin qanunvericiliyini pozanda hiddətlənib özlərindən çıxırlar, ancaq öz ölkələrindən kənarda eyni davranışa özləri yol verirlər.Doğma Slovakiyada keçirdiyim uşaqlıq illərim, dünyanın hər bir yerindən olan insanların əhatəsində ikən Moskvada yaşadığım dörd il və Vaşintqonda keçirdiyim iki il mənə çeşidli fikirlərə, mədəniyyətlərə, müxtəlif dünya görüşlərinə, həyat tərzlərinə tolerant yanaşmağı və onları başa düşməyi öyrədib. Heç bir mədəniyyət, yaxud heç bir din digərlərindən az və ya çox dərəcədə üstün ola bilməz. Onların hamısı bərabərdir və hər birinə eyni hörmətlə yanaşmaq vacibdir.Azərbaycan prezidentinə nümayiş etdirdiyi xeyirxahlığa görə minnətdarlığımı bildirmək istəyirəm, həm də ölkə rəhbərliyinə sözügedən əraziyə səfərimlə bağlı spesifik vəziyyəti nəzərə aldığına görə təşəkkür edirəm. Gələcəkdə məmnuniyyətlə Azərbaycana səfər edəcəyəm və Dağlıq Qarabağ münaqişəsinin də tezliklə həll ediləcəyinə ümid edirəm.

OXŞAR XƏBƏRLƏR