Millət vəkili, dr Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün Türkiyənin tanınmış sənətçisi Oya Ergünün konsertini keçirdi.
Millət vəkili, dr Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) ümummilli lider Heydər Əliyevin 90 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış və Xalq Cümhuriyyətinin ilk xarici müqaviləsi olaraq tarixə keçmiş “Tarixi anlaşma”nın imzalanmasının 95 illik əlamətdar yubileyi münasibəti ilə “Qarabağdan Anadoluya könül körpüsü” adlı möhtəşəm konsert proqramı keçirilib.
Türkiyənin tanınmış sənətçisi Oya Ergünün öz zəngin repertuarı ilə səhnə aldığı konsert şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri üçün təşkil olunmuşdur.
Tədbir çərçivəsində sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Emre Dündara aid "Bir sən bir İstanbul" mahnısına çəkilən klipin ilk təqdimatı da olmuşdur.
Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva deyib ki, biz bu gün burada Türkiyədən gələn çox hörmətli qonaqlarımızdan ibarət nümayəndə heyətinin, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan və səfirliyin əməkdaşlarının iştirakı ilə 2 qardaş ölkə önəmli tarixi birlikdə qeyd edirik: "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyən Azərbaycanın ümummili lideri Heydər Əliyevin 90 illik yubileyini, bütün müsəlman Şərqində ilk demokratik parlamentli cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini və Cümhuriyyətimizin imzaladığı ilk xarici müqaviləsi olaraq tarixə keçmiş və qardaş Türkiyə ilə imzalanmış “Tarixi anlaşma”nın imzalanmasının 95 illik yubileyini. Məhz bu anlaşmadan sonra Türk dünyasının böyük oğlu Nuri Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək Bakıda və müxtəlif bölgələrimizdə erməni silahlı dəstələrini, erməni terror qruplarının bir sıra xarici güclərin də dəstəyi ilə sivil insanımıza qarşı törətdiyi qətliamlara son qoya bilmişdir və Bakının işğaldan azad olunmasında böyük rol oynamışdılar. Biz onların hamısını rəhmətlə anırıq. Çanaqqala savaşı zamanı qardaşlarının yardımına gedən Azərbaycan türkləri, Bakının işğaldan azad olunması üçün buraya gələrək şəhid olmuş insanlarımız bizə və gələcək nəsillərimizə gözəl və böyük örnəkdirlər. Azərbaycan və Türkiyədəki gəncliyimiz daim bir-birimizə daha da çox sahiblənmək ruhunda yetişməli və çalışmalıdır. Azərbaycanın daha da güclənməsi Türkiyənin daha da güclənməsi deməkdir, Türkiyənin daha da güclənməsi Azərbaycanın daha da güclənməsi deməkdir. Azərbaycan prezidenti cənab İlham Əliyev diasporlarımızın toplantısında çox önəmli bir nöqtəyə toxunaraq "bir millətin iki diasporu olmur, bir millətin bir diasporu olur" demişdir. Gənclərimiz və dünyanın hər yerindəki insanımız bu düşüncə içərisində addımlamalıyıq. Birliyimiz, bərabərliyimiz gücümüzü daha da artıracaq."
Millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olması, özü də daxil olmaqla 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb. O, çıxışının sonunda “Mən arzu edirəm ki, belə tədbirlərimizi qısa zamanda birlik və bərabərlik içərisində Ermənistanın işğalından azad edəcəyimiz o gözəl torpaqlarımızda, Dağlıq Qarabağda, Xankəndində, Xocalıda, Şuşada və bütün digər o gözəl bölgələrimizdə qeyd edək. Mən inanıram ki, inşallah o gün uzaqda deyil”, – dedi.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan çıxışında bu tarixi hadisələrin önəmindən geniş danışıb və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunaraq Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nə təşəkkürünü bildirib. Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu deyən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan dövlətlərimizin birliyinin, həmrəyliyinin artması istiqamətində hər birimiz daha da çox çalışmalıyıq”, – deyib.
O bu tədbirin məhz şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün təşkil olunmasına görə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nə bir daha təşəkkür edərək Qarabağ probleminin həllində də hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu deyib.
Sonra Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxış edib və prezident cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan daimi diqqət və qayğısından və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Gəray Fərhadov bildirib ki, bu cür tədbirlər mütləq işğaldan azad ediləcək Qarabağımızda, Xankəndində, Şuşada, digər bölgələrimizdə qeyd edəcəyik.
Bundan sonra millət vəkili Qənirə Paşayeva səhnəyə Türkiyənin tanınmış sənətçisi və dostu Oya Ergünü və onu müşayiət edən heyəti dəvət edib. O bildirib ki, "Oya xanım bu tədbir və konsert üçün təsadüfən seçilməyib, o getdiyi hər yerdə Türkiyənin musiqi əsərləri ilə bərabər, Azərbaycan mahnılarını da ifa edir və təbliğ edir. Eyni zamanda o, çox istedadlı sənətçi olmaqla bərabər qəlbində Türkiyə və Azərbaycana eyni sevgini daşıyan bir insandır."
Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva Oya Ergünü bir çox sənətçilər üçün örnək sənətçi və insan adlandırıb. O bildirib ki, Oya Ergünlə bu layihə barədə danışanda və şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri üçün tədbir və konsert proqramı təşkil etdiyimizi deyəndə o nəinki pulsuz konsert verməyə razılaşdı, eyni zamanda bildirdi ki, yeni çıxan "Ruhum" albomunun satışından gələn bütün gəliri “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin bu layihəsinə dəstək olaraq o, şəhid ailələrinə bağışlayır: “İnanıram ki, onun gözəl əsərlər ilə zəngin olan bu albomu həm də gözəl bir xeyriyyə işinə sərf olunacağına görə xeyirli və uğurlu olacaq.” Millət vəkili çox yüksək səviyyədə hazırlanan albomdan və Oya Ergünün gözəl ifasından hər kəsin zövq alacağını deyib və Oya xanıma xüsusi təşəkkür edib.
Sonra səhnəyə çıxan Türkiyənin tanınmış sənətçisi Oya Ergün Azərbaycanda olmaqdan, bu cür böyük məna daşıyan tədbirlərdə iştirak etməkdən özünü xoşbəxt hiss etdiyini deyib. Azərbaycanın çox gözəl olduğunu, Azərbaycanın sürətli inkişafından və gözəlləşməsindən sevindiyini deyən Oya Ergün bu konserti şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə verməkdən ayrıca məmnuniyyət duyduğunu və bu işin təşkili üçün dostu millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayevaya təşəkkür etdikdən sonra Azərbaycan və Türkiyənin gözəl musiqi əsərlərini, ortaq musiqimizi gözəl şəkildə təqdim edib.
Konsert proqramı zamanı Azərbaycan əsərlərinə tez-tez yer verən və onları Azərbaycan türkcəsində oxuyan Oya Ergün konsert zamanı millət vəkili Qənirə Paşayevaya sürpriz də edib və sözləri millət vəkili Qənirə Paşayevaya məxsus "Bir sən bir İstanbul" klipini təqdim edib. Əsər və klip tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bir neçə saat davam edən konsert alqışlarla qarşılanıb və sonunda gənclər səhnəyə Azərbaycan və Türkiyənin bayraqlarını gətiriblər və millət vəkili Qənirə Paşayeva "inşallah bu gözəl bayraqlarımız işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndində, Şuşada dalğalanacaq və bu cür gözəl konsertləri o gözəl toprpaqlarımızda da keçirə biləcəyik. Bunun üçün biz hamımız əlimizdən gələni etməliyik " deyib. Oya Ergün də bunun onun ən böyük arzularından biri olduğunu deyib və "amin" deyib.