“Qarabağ”ın ulduz futbolçuları klubu niyə tərk edir? - “Günahı Qurban Qurbanovda axtarmaq…”

“Qarabağ”ın ulduz futbolçuları klubu niyə tərk edir? - “Günahı Qurban Qurbanovda axtarmaq…”
İDMAN
16:46 07.09.2026
88
"Qarabağ”ın futbolçusu Matueş Koxalskinin komandadan ayrılması klub ətrafında yeni müzakirələrə səbəb olub. 

Son dövrlərdə Ağdam təmsilçisindən bir neçə futbolçunun ayrılması fonunda sosial şəbəkələrdə əsas tənqid hədəfi isə baş məşqçi Qurban Qurbanovdur.

Azarkeşlərin bir qismi hesab edir ki, komandada ardıcıl futbolçu itkilərinin yaşanması "Qarabağ”ın əvvəlki heyət balansına təsir göstərə bilər. Xüsusilə əsas heyətdə və müdafiə xəttində mühüm rol oynayan futbolçuların komandadan ayrılması tərəfdarları narahat edən əsas məqamlardan biridir.

Tanınmış futbol şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, "Qarabağ”dan gedən futbolçuların əksəriyyətində futbolçuların öz təşəbbüsü əsas rol oynayır:

"”Qarabağ”dan gedən futbolçuların əksəriyyətində futbolçuların öz təşəbbüsü əsas rol oynayır. Yəni, burada baş məşqçinin hər hansı bir günahını axtarmaq lazım deyil. Qurban Qurbanovun öz yetirmələrinə çox bağlı olduğunu biz bilirik. Onlar üçün fədakarlıq etdiyinin şahidi olmuşuq, bunun təsdiqini görmüşük. Yəni, futbolçuların getməyini klub və ya Qurban Qurbanov istəmir. Sadəcə, futbolçular daha yaxşı şərait, daha yaxşı imkanlar və maliyyə təklifləri alırlar deyə klubdan getməyə çalışırlar”.


O qeyd edib ki, Koxalskinin yerinə gələn qapıçı yaxşı oyunçudur:

"Məsələn, Kamilo Duran kimi futbolçunun komandada qalmasını hamı istəyərdi. Əgər sənə "Seltik”dən təklif gəlirsə və qarşılığında kluba böyük məbləğdə pul təklif olunursa, futbolçunun getməsi normal qarşılanmalıdır. Koxalskinin yerinə Martin Zlomisliçin gəlməsi klub üçün əvvəlki kimi problem yaratmayacaq. O, yaxşı qapıçıdır və Koxalskinin yerini tutacaq səviyyədədir”. 

"Hər transferin öz hekayəsi var. Buna görə Qurban Qurbanovu günahlandırmaq doğru deyil. Problemi başqa yerdə axtarmaq lazımdır. Daha yaxşı çempionat və daha çox maliyyə məsələləri əsas səbəblərdir”,-deyə şərhçi bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR