Bu gün Sloveniya çempionu "Olimpiya" paytaxtımıza gəlir. Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" rəqibini minimalhesablı qələbəylə üstələdi. Bu da ağdamlıların növbəti mərhələyə daha yaxın olmasından xəbər verir.
AZXEBER.COM sport24.az-a istinadən xəbər verir ki, verdiyi müsahibədə "Olimpiya"nın baş məşqçisi İliya Stolitsa da "süvarilər"in şanslarının daha yüksək olduğunu etiraf etdi. Dünən gecə saatlarında suallarımızı cavablandıran 40 yaşlı mütəxəssis son dəqiqəyədək mübarizə aparacaqlarını bildirdi.
- İlk oyunda uduzmuşuq. Sabah Bakıya gələcəyik. Amma futbol sona qədər mübarizə deməkdir. Evdə uduzmuşuqsa, əlimizi yanımıza salıb gözləməməliyik. "Qarabağ"la mübarizə aparacağıq və mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, Bakıda bizim üçün çox çətin olacaq. Amma komandama güvənirəm və inanıram.
- Düşünürsünüz ki, Bakıda "come-back" etmək üçün şansınız var?
- Şans hər zaman var və bundan maksimum yararlanmağa çalışacağıq. Düzdür, şansımız çox deyil. Lakin asan təslim olmayacağıq. Səfər matçı həmişə çətin olur. Bizə Bakıda, sadəcə, döyüşmək lazım olacaq.
- İssa Abbas..?
- Təbii ki, onun yoxluğu təsir edəcək. Çünki qırmızı vərəqə alan İssa çox vacib futbolçudur. Amma artıq hər kəs bu yoxluqla barışıb və alternativ variantdan istifadə edəcəyik. Meydana çıxan istənilən futbolçu bu boşluğu doldurmağa çalışacaq. Ümid edirəm ki, lazımı səviyyədə öhdəsindən gələcəyik..
- Hazırda faizlər dəyərləndirsək, şanslar 50/50-yədi, yoxsa "Qarabağ"ın böyük üstünlüyü ilə razılaşırsız?
- Şansları faizlə dəyərləndirmək doğru olmaz. Çünki bu cür oyunlarda hər zaman hər şey baş verə bilər. Amma indiki halda "Qarabağ"ın üstünlüyünü və növbəti mərhələyə daha yaxın olduğunu qəbul etməliyik. Hər halda, bu vəziyyəti dəyişmək üçün ən azı 90 dəqiqə zamanımız var. Bakıda ikinci mərhələyə vəsiqəni əldə etmək üçün hər şeyimizi verəcəyik.