"Qarabağ"la Madriddəki oyundan sonra mən səhər saat 8-də yuxuya getdim və 8:30-da ayıldım".
AZXEBER.COM xəbər verir ki, bu sözləri İspaniyanın "Atletiko" klubunun futbolçusu Filipe Luis deyib.
Braziliyalı futbolçu Çempionlar Liqasında "Qarabağ"la Madriddə keçirdikləri və 1:1 hesabı ilə başa çatan oyundan sonra keçirdiyi hissləri etiraf edib. 32 yaşlı müdafiəçi qarşılaşmanın ardından gecəni yata bilmədiyini deyib.
Felipe Luis "Atletiko"nun Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmasının çox çətin olduğunu da vurğulayıb: "Əlbəttə, şansımız var. Amma "Atletiko"nun 16 ən güclü arasında olması çox çətindi".
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunda 5 turdan sonra 10 xalı olan "Çelsi" birinci yeri tutub və 1/8 finala vəsiqə qazanıb. İkinci vəsiqə uğrunda 8 xalı olan "Roma" və 6 xal toplayan "Atletiko" iddia edir. Son turda "Roma" "Qarabağ"ı qəbul edəcəksə, "Atletiko" "Çelsi"nin qonağı olacaq. İspaniya təmsilçisi 1/8 finala yüksəlmək üçün İngiltərədə mütləq qalib gəlməli və "Roma"nın xal itkisinə ümid etməlidi.