‘Qardaşlarımın biznesinin 100 milyona yaxın dəyəri var’ - Milli Məclisin deputatı

SİYASƏT
18:12 09.05.2013
4278

Adı bank qalmaqalında keçən Rafael Cəbrayılov: “Qardaşlarımın biznesinin 100 milyona yaxın dəyəri var”

“Qardaşlarım çox böyük bizneslə məşğuldur. Onların biznesinin 100 milyondan çox dəyəri var”.

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri modern.az saytına deputat Rafael Cəbrayılov “Nikoil Bank” tərəfindən məhkəməyə verildiyi barədə məlumatları şərh edərkən bildirib. Mətbuatda haqqında yayılan məlumatların cəfəngiyyat olduğunu deyən deputat açıqlamasında hansısa bank tərəfindən məhkəməyə verilmədiyini deyib.

Böyük biznesmen olduğunu deyən R.Cəbrayılov bu xəbərlərin ona qarşı məqsədli şəkildə yayıldığını bildirib: “Bu hadisə noyabr ayında olmuşdu. Mənim qardaşlarım böyük bizneslə məşğuldur. Onların tikdiyi layihənin yüz milyona yaxın qiyməti var. Yüz milyona yaxın işin içində milyon yarım borcun olması normal hal deyil? Bu məsələni heç kim boş niyyətlə eləmir. Bu biznesin başında oturan mənim iki qardaşımdır. Mən varam deyə bu insanlar bizneslə məşğul olmamalıdır? Bankdan normal qaydada kredit götürüblər. Bankla heç bir problem yoxdur. İndi banka 824 min borc qalıb. Bankın bu barədə heç bir narazılığı yoxdur. Bu məlumatı yayanlar kimdirlərsə xoş niyyətlə eləmirlər. Mənim iki qardaşım təxminən 40 yaşları olan insanlardır. Onların bizneslərinin 100 milyona yaxın dəyəri var. Bu məbləğin içində 824 min nədir ki? Bunun mənə nə aidiyyəti var?”

Qeyd edək ki, “Nikoil Bank”ın deputat R.Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının həyat yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verməsi ilə bağlı yenidən xəbər yayılıb. “Qafqazinfo”nun məlumatına görə, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Belə ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının - cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi isə apelyasiya şikayətini qismən təmin edib. Bundan əvvəl də bank deputata və onun qardaşlarına, həmçinin qohumları Akif Amanəliyevə qarşı iddia qaldırıb. Həmin iddia bankın xeyrinə təmin olunub.

OXŞAR XƏBƏRLƏR