Qazaxıstanın Baş naziri Oljas Bektenov Xəzəryanı ölkələri dənizin dayazlaşması ilə mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb.
AZXEBER.COM reporta istinadən xəbər verir ki, Baş nazir bu barədə Altay şəhərində keçirilən ilk Beynəlxalq Ekoloji Konfransda bildirib.
"2000-ci illərin əvvəllərindən Xəzər dənizinin səviyyəsinin azalması tendensiyası müşahidə olunur. Bu və digər problemləri öyrənmək üçün Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu yaradılıb. Alimlərin proqnozları ürəkaçan deyil. Bu unikal su hövzəsini qorumaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli və koordinasiyalı fəaliyyəti lazımdır", - Baş nazir vurğulayıb.
Digər prioritetlər arasında o, Aral dənizi ətrafındakı vəziyyəti qeyd edib. Onun sözlərinə görə, Aralı Xilasetmə Beynəlxalq Fonduna rəhbərlik edən Qazaxıstan ekosistemin bərpası üzrə bir sıra layihələr həyata keçirir: Kokaral bəndi möhkəmləndirilir, balıqçılıq sənayesinə dəstək göstərilir və keçmiş dənizin qurumuş dibində yaşıllaşdırma işləri aparılır.