Bəzi etirazçılar isə polislərə məxsus silahları ələ keçirib
Qazaxstanın Janaozen şəhərində kütləvi iğtişaşlar zamanı ölənlərin sayı artmaqdadır. Ölkə prokurorluğunun ötən gün axşam saatlarında verdiyi bəyanatda 14 iğtişaş iştirakçının öldüyü təsdiqləyib. Onlardan 11-nin kimliyinin müəyyənləşdiyi qeyd edilir. Ölənlərin 16-52 yaşlarında olduğu bildirilir. Yerli və xarici mənbələrin verdiyi son məlumata görə Şetpe şəhərində də 1 etirazçı öldürülüb. Neft işçilərinin cümə günü başladığı kütləvi iğtişaşlar, 60-a yaxın etirazçının saxlanması ilə nəticələnib. Toqquşmalar nəticəsində xeyli insanın xəsarət aldığı, 50-ə yaxın binanın, o cümlədən şəhər icra hakimiyyəti və neft şirkəti binasının yandırıldığı bildirilir.
Müxalif mənbələrinin verdiyi məlumata görə, hüquq mühafizə orqanları ilə toqquşmalar gecə saatlarında da davam edib. Qazaxstan sosialist hərəkatının verdiyi məlumata əsasən etirazçı gənclərin bəziləri polisə məxsus silahları ələ keçirə bilib. Ov tüfəngi ilə silahlanmış etirazçılara da rast gəlinib. Yerli müxalif qüvvələr etirazçıları müqaviməti davam etdirməyə çağırır. Janaozen neftçilərinə həmrəylik sərgiləmək məqsədilə, qərbi Qazaxstanın əksər müəssisələrində kütləvi tətillər başlayıb. Fəallar ötən səhər 500 etirazçının razılıq meydanında toplaşdığı Aktau şəhərinə hərbi texnika və daxili qoşunların yeridildiyini xəbər verir. Şaxtalı hava şəraitinə baxmayaraq, etirazçılar “qoşunları çıxarın” kimi tələblər irəli sürüb.
Bu arada Qazaxstanın bəzi müxalif saytlarının və “You-Tube” video paylaşım portalının ölkə ərazisində istifadəsinin məhdudlaşdırıldığı xəbərləri yayılıb. Hadisələri virtual məkanda canlandıran bəzi tanınmış blogerlərin saxlanıldığı bildirilir. Ötən gün prezidenti Nursultan Nazarbayev iğtişaşların mərkəzi olan Janaozen şəhərində fövqalədə vəziyyət elan edib. Etiraz aksiyalarında artıq 6 ay ərzində maaşlarını almayan neftçilərin iştirak etdiyi bildirilsə də, bəzi mənbələr iğtişaşların kənar şəxslər tərəfindən törədildiyini vurğulayır. BMT-nin insan haqları üzrə komitəsi Qazaxıstandakı hadisələr və bunun nəticəsində 10 nəfərin həlak olması ilə bağlı narahatlığını açıqlayıb. Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, komitə Qazaxıstan hakimiyyətini insidenti tez bir zamanda araşdırmağa və sərt tədbirlər görmədən ictimai asayişi bərpa etməyə çağırıb.