Qazaxıstanın 3 regionunda fövqəladə vəziyyət ləğv edilir

DÜNYA
21:14 12.01.2022
281
Qazaxıstan hakimiyyəti yanvarın 13-dən üç regionda fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.

Bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti açıqlayıb.

Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətləri sabahdan adi rejimə qayıdır.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR