Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi mülki təyyarələr üçün təyinat nöqtəsi üzərində səmanı bağlamaq əmri verməyən hərbi xidmətlərin cinayətkar səhlənkarlığıdır.
Bu barədə "Report”a müsahibəsində qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.
Onun sözlərinə görə, "Kovyor" planının tətbiqi, yəni havadan hücum təhlükəsi zamanı Hava Hücumundan Müdafiə Qüvvələrinin işə salınması barədə məlumat AZAL təyyarəsi artıq idarəetməni itirdikdən sonra verilib.
Dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması və üç ölkə vətəndaşlarının faciəli ölümü bir-biri ilə qarşılıqlı əlaqədə olmalı olan texniki xidmətlərin cinayətkar səhlənkarlığının nəticəsidir.
"Söhbət razılaşdırılmış şəkildə fəaliyyət göstərməli olan yerüstü xidmətlər və HHM hərbi xidmətlərindən gedir. Hərbçilər "Kovyor" əməliyyatının başlanması barədə vaxtında xəbərdarlıq etməli və mülki təyyarələr üçün səmanı bağlamalı və bununla da insan tələfatının qarşısını almalı idilər. Hərbçilər yerüstü aviasiya xidmətlərinin dispetçerlərinin mülki təyyarələri təhlükəli zonadan yan keçməklə başqa istiqamətə yönləndirə bilməsi üçün bu barədə onlara məlumat verməyiblər", - ekspert hesabatın bəndlərindən birini şərh edərkən bildirib. Həmin bəndə əsasən, "Kovyor" əməliyyatının başlanması barədə xəbərdarlıq təyyarə xarici zədələr aldıqdan sonra edilib.
"Hesabatda deyildiyi kimi, təyyarəyə xarici təsir olub. Söhbət təyyarənin fəaliyyət radiusunda daha böyük hədəfi seçən HHM sistemi tərəfindən zədələnməsindən gedir. Yəni pilotsuz uçuş aparatı ilə təyyarə arasında seçim zamanı hədəf "Embraer” olub", - Kaliyev vurğulayıb.
O qeyd edib ki, hesabatda göstərildiyi kimi, xarici təsir bütün GPS funksiyalarının sıradan çıxmasına səbəb olub.
Ekspertin fikrincə, ümumilikdə günahkarları müəyyən etmək kifayət qədər asandır, çünki hər şey sənədləşdirilir, həmin gün hərbçilər tərəfindən verilən bütün əmrlər qeydə alınmalıdır.
Onun sözlərinə görə, təyyarə qəzasında günahkar olan ölkənin üzr istəməsi, kompensasiya ödəməsi və günahkarları cəzalandırması kimi standart etiket dünyada artıq çoxdan mövcuddur.