Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə xanım Paşayevanın Gürcüstanda keçiriləcək seçkilərlə bağlı AZXEBER.COM-a müsahibəsini təqdim edirik:
- Gürcüstanda oktyabr ayının 8-də keçiriləcək parlament seçkiləri olacaqdır, bununla bağlı fikirlərinizi bölüşmənizi istərdik.
- Oktyabr ayının 8 Gürcüstanda parlament seçkiləri keçiriləcəkdir, hər bir ölkə üçün seçki olduqca böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Gürcüstan münasibətləri əsrlər boyu dostluq, qardaşlıq, strateji əməkdaşlıq çərçivəsində olub. Bizim xalqları birləşdirən dəyərlər, istər iqtisadi, istərsə də mədəni əlaqələr bu gün də qorunub saxlanılıb inkişaf etməkdədir. Orada gedən siyasi proseslər bizi də dərindən maraqlandırır, həm də ona görə ki, bizim orada çoxsaylı soydaşlarımız yaşayır.
Parlament seçilərində həmyerlilərimizin namizəd olaraq təqdim olunması Gürcüstanda yaşayan soydaşlarımız üçün böyük əhəmiyyət kəsb edir. Vətəndaşların, həmyerlilərimizin səsini parlamentə, hökümətə çatdıracaq azərbaycanlı namizədlər demək olar ki, hər partiyadan təqdim olunubdur. Bu da sevindirici haldır ki, soydaşlarımız Gürcüstanın ictimai-siyasi həyatında olduqca fəaldırlar.
- Hakim partiyanın təqdim etdiyi azərbaycanlı namizədləri haqqında nə düşünürsünüz?
- Hakim partiyanın təqdim etdiyi azərbaycanlı namizədlərdən Savalan Mirzəyev və Ruslan Hacıyevin olduqca yüksək mədəniyyətə, potensiala malik gənc soydaşlarımızdır. Hər ikisini şəxsən tanıyıram, bu günədək fəaliyyətlərini yüksək qiymətləndirirəm. Ruslan Hacıyev qısa müddət ərzində azərbaycanlıların ən sıx yaşadığı Marneuli rayonunda təhsil-resurs mərkəzinin rəhbəri vəzifəsində çalışıbdır. Bu müddət ərzində azərbaycandilli məktəblərin inkişafı istiqamətində apardığı işlər müsbət nəticə göstərib, bir çox kənd məktəbi əsaslı təmir olunub, yeni məktəblər inşa olunub. Gənclərimizin təhsil səviyyəsi yüksəlməyə doğru gedir. Bunu dövlətin apardığı təhsil siyasəti və yerlərdə aparılan işlərin yüksək nəticəsi kimi qiymətləndirmək olar.
Savalan bəy Mirzəyevin də fəaliyyəti olduqca tədqirəlayıqdir, Gürcüstanın baş naziri cənab Georgi Kvirikaşvilinin milli azlıqlar üzrə müşaviri olduğu zaman irəli sürdüyü təşəbbüslər, əhalidə müsbət rəy yaratmaqdadır. Namizəd olduğu Qardabani rayonundan təqdim olunan Savalan bəy uzun müddətdir ki, yüksək vəzifələrdə çalışıb, həmin müddətdə bir sıra önəmli işlər həyata keçiribdir.
Hər iki azərbaycanlı namizəd olduqca yüksək potensiala, savada, mədəniyyətə layiq gənclərimizdir.
Gürcüstanda dövlət və qeyri dövlət sektorlarında təmsil olunan soydaşlarımızı görmək bizə qürur verir və sevindirir.
Seçkilərdə namizən kimi təqdim olunan hər bir soydaşımıza uğurlar diləyirəm. Gürcüstan üçün xeyirli olsun !
