Qənirə Paşayeva: 'Tibbi sığortasız normal səhiyyə sistemini təsəvvür etmək mümkün deyil'

Qənirə Paşayeva:
15:15 06.04.2013
1322
"Nə üçün 4 ildir dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı ayrılan vəsait xərclənmədən yenidən büdcəyə qayıdır?"AZXEBER.COM-un məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Hesablama Palatasının illik hesabatı ətrafında müzakirələr zamanı deyib. O, Hesablama Palatasının illik hesabatında icbari tibbi sığortanın tətbiq olunmamasından narahatlığını ifadə edərək bildirib: “Hesabatda qeyd olunur ki, 4 ildir bu sahəyə dövlət büdcəsindən vəsait ayrılsa da, xərclənmədiyindən yenidən büdcəyə qaytarılır. Halbuki icbari tibbi sığorta tətbiq edilməyənədək ölkədə səhiyyənin istənilən inkişafından danışmaq olmaz. Dünyada səhiyyə sistemi tibbi sığorta üzərində qurulub, tibbi sığortasız normal səhiyyə sistemini təsəvvür etmək mümkün deyil".Onun qeyd etdiyinə görə, Azərbaycanda da icbari tibbi sığorta ilə bağlı ölkə Prezidenti səviyyəsində iradə ortaya qoyulsa da, neçə illərdir bu məsələ reallaşmamış qalır: “Hesablama Palatasının illik məruzəsində də qeyd olunur ki, 4 il ərzində icbari tibbi sığortaya dövlət büdcəsindən vəsait ayrılmasına baxmayaraq, o hələ də icraiyyə yönəlməmiş vəziyyətdə qalır. Biz də millət vəkilləri olaraq artıq neçə illərdir ki, hər dəfə bu məsələni gündəmə gətiririk. Elə bir müddət öncə hökumətin hesabatı zamanı da məsələni qaldırdıq. Axı nəyə görə siyasi iradə ortada olmasına, icbari tibbi sığortaya büdcədən vəsait ayrılmasına baxmayaraq, bu məsələ indiyə kimi həll olunmamış qalır. Buna nə mane olur ki, icbari tibbi sığorta öz həllini tapmır?".
OXŞAR XƏBƏRLƏR