"Rusiya-Ukrayna müharibəsinin gedişatı hələlik onu göstərir ki, müharibəni dayandırmaq mümkünsüzdür. Çünki Rusiya Ukraynaya daxil olanda siyasi hesablardan daha çox inad hesabına bu prosesi aparmaq istəyirdi. Əslində onu da gerçəkləşdirdi”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, qeyd edib ki, Rusiya bu dərəcədə sanksiyalar gözləmirdi:
"Amma inadla siyasət çox vaxt üst-üstə düşmür. Ona görə də bu prosesin belə tənzimlənməsi çox böyük bir riski ortaya qoydu və həm də Rusiyanın özü üçün də problemlər yaratdı. Rusiya inanmıram ki, bu dərəcədə sanksiyaları gözləyirdi və məsələni yekunlaşdıraraq çözmək istəyirdi. O, çözüləsi məsələ də deyildi, çünki qarşıya qoyulan plan bir dövlətin məhvi idi. O dövlətin də nə qədər dinc əhalisi, binaları, şəhərləri dağıdılsa da, müstəqilliyindən imtina etməyə hansısa şəkildə razı olmayacaqdı.
Təbii ki, bu da amansız və uzanan bir müharibənin ortaya çıxmasına səbəb olacaq idi. Ona görə də Rusiya hələ məsələyə ki, bu inadla baxır. Ukrayna isə o qədər dağıntıdan, infrastruktrun məhvindən sonra əldə etdiyi müəyyən müqavimət prosesini bir az da artırmaq istəyir. Amma qüvvələr də tükənir, müharibənin əsas zərbəsi bilavasitə Ukraynanın özünə gəlir.
Başqa ölkələr dəstək verə bilər, amma köçən, dağılan, məhv olan Ukrayna əhalisidir. Ona görə də Ukrayna bu məsələdə maraqlıdır ki, ən azından atəşkəs elan olunsun və qüvvələr əvvəlki mövqelərinə qayıdıb, müəyyən dərəcədə nəfəs almanı gerçəkləşdirsin. Çünki faktiki olaraq hər şey zirzəmidən idarə olunur, qapalı məkanlarda qalmağa məcburdurlar, dövlət qurumları yığışa bilmir. Bunlar hamısı ciddi problemlərdir”.
Fazil Mustafa qeyd edib ki, Türkiyənin bu istiqamətdə səyləri müsbət və təqdirəlayiqdir:
"Hesab edirəm ki, Türkiyənin bu istiqamətdə səyləri müsbət və təqdirəlayiqdir. Çünki hamının eyni vaxtda bir-biri ilə küsməsi yaxşı nəticələr vəd etmir. Burada Rusiya faktorunu da tam təcrid edib müyyən problemləri yarıda saxlamaq olmaz. Rusiyanı da danışıqlar masasına gətirməyi bacarmaq lazımdır. Əks halda bu ölkə zərər vurma imkanlarına, potensialına sahibdir. Zərərçəkən də daha çox qonşu ölkələr olur. Bu baxımdan hələ ki, bir ciddi nəticə gözlənilməsə də, müsbət tendensiya olduğunu söyləmək olar”.
Deputat həmçinin qeyd edib ki, Qərb özünün komfort həyatını yaradıb, Rusiya ilə birbaşa üz-üzə gəlmək niyyəti yoxdur:
"Qərb ölkələrinin Rusiya ilə birbaşa üz-üzə gəlmək niyyətləri yoxdur. Qərb özünün komfort həyatını yaradıb. Nəyinə lazımdır ki, Rusiyanın hər hansı şəkildə zərəri ilə üzləşsin? Bunu Ukrayna üzərindən edir və çiləsini də Ukrayna çəkir. Amma bizə baxanda Ukrayna müəyyən dəstək alır. 30 il Türkiyəni, qardaş ölkələri çıxmaq şərti ilə heç kimdən dəstək almadıq, bəzi islam ölkələri də qərəzli mövqelər sərgiləyirdilər. Belə bir vaxtda biz bu qədər çətinliyin içindən çıxıb problemimizi müəyyən dərəcədə həll edə bildiksə, dəstəyimiz olsaydı, daha böyük nəticələrə imza atardıq. Ukraynanın da indiki dəstəyi arzuolunan səviyyədə olmaya bilər, amma müəyyən dərəcədə dəstəyi var”.
Aydın Nuri