"ABŞ və Qərbin Azərbaycana qarşı bu dəfə həyata keçirməyə çalışdığı kampaniyanın heç bir nəticəsi olmadı. Çünki Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Ölkəmizin mövqeləri kifayət qədər möhkəmlənib”. Bu sözləri millət vəkili, politoloq Rasim Musabəyov deyib.
O bildirib ki, həmin dairələrin bu dəfə ölkəmizin əleyhinə aparmağa çalışdığı qaragüruhçuluq kampaniya şəklini də almadı: "Biz əvvəllər bundan daha sərt kampaniyalarla qarşılaşmışdıq. Avropa Oyunları, "Avroviziya” mahnı müsabiqəsi ərəfəsində bu kampaniyaları daha da fəallaşdırdılar. İndi hansısa qəzetdə çıxan iki məqalə, heç bir diqqət cəlb etməyən dinləmə Azərbaycan hökumətini seçdiyi yoldan döndərə bilməz”.
R.Musabəyov hesab edir ki, buna səbəb həm ölkəmizin mövqeyinin güclənməsi, həm də həmin ölkələrini özündə kifayət qədər problemlərin olmasıdır: "İndi Amerikanın başı öz seçkilərinə qarışıb, Avropa Brexit, miqrant, maliyyə məsələləri ilə daha çox məşğuldur. Digər tərəfdən, Qərb, ABŞ özü problemlərin içində çabalayır. Ona görə də bu ölkələrdə ictimai rəyi Azərbaycana yönəltmək qeyri-mümkündür. ABŞ-da iki qara dərilinin öldürülməsi ilə bağlı hamıya məlum olan kifayət qədər problemlər baş verir. İndi bunun fonunda durub Azərbaycanda insan haqları ilə bağlı məsələ qaldırıb buna diqqəti cəlb etməyə çalışmaq mümkün deyil. Gözlərinin önündə o qədər problemlər olduğu halda, Azərbaycanı hansısa məsələlərə görə tənqid edə bilməzlər”. // sia.az