Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycan adlanan ərazidə vaxtilə ermənilər yaşamamış, daşnak quldurlar öz havadarlarının dəstəyi ilə bu yerlərə əsasən digər dövlətlərdən axışıb gəlmiş, onlar məqam düşdükcə, buradakı azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırıb çıxarmış və nankor "qonşularımız" tarixən xalqımıza qarşı düşmən mövqeyində dayanmışlar.
Həmişə "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq iddiası ilə yaşayan, tarixən Rusiyanın müəyyən dairələrinin əlində türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilən ermənilər 1948-53-cü illərdə qədim Oğuz ellərində - bu gün Ermənistan adlanan ərazidə daha bir məkrli siyasətlərini reallığa çevirdilər. Onlar dünyaya səs saldılar ki, guya əzab-əziyyət içərisində yaşayırlar, əkib-becərməyə meyilli olsalar da, bu ərazilərdə azərbaycanlılar yaşayır. Çıxış yolu isə ondadır ki, müsəlmanlar öz əzəli torpaqlarından köçürülsün, qonşu Azərbaycan Respublikasında onlara yer ayrılsın.
Azərbaycan tarix boyu zaman-zaman torpaqlarının parçalanaraq qonşulara verilməsinə, bu ərazilərdə yeni dövlətlərin qurulmasına və daha sonra həmin ölkələr tərəfindən soydaşlarımıza qarşı kütləvi repressiyalar, sürgünlər, soyqırımlar və nəhayət anti-Azərbaycan kampaniyalarının aparılmasına şahidlik edib. Belə acı tarixlər yaşamış Azərbaycan torpaqlarından bir hissəsi də vaxtilə azərbaycanlıların yaşadığı, milli-mənəvi dəyərlərimizin yaşadıldığı, milli bayramlarımızın qeyd edildiyi, əhalisi Azərbaycan dilində danışdığı və əsl azərbaycanlı kimi düşündüyü qədim İrəvan, Göyçə, Zəngəzur, Ağbaba torpaqları olmuşdur.
1989-cu ildən fəaliyyət göstərən və indiki Ermənistandan öz tarixi torpaqlarından qaçqın düşən Qərbi Azərbaycanlıları öz ətrafında birləşdirən "Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin bazasında yeni "Qərbi Azərbaycan İcması” adı İctimai Birlik fəaliyyətə başladı.
Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşdə dövlətçiliyimiz və xalqımız üçün taleyüklü məsələlərlə bağlı böyük tarixi və siyasi əhəmiyyətə malik nitq söyləyib.
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.”
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan zaman səsləndirib.
Naftalan şəhər sakini Hatəm Qocayev