Qeyri-neft sənayesinin inkişafında Sumqayıtın rolu getdikcə artır - ŞƏRH

İQTİSADİYYAT
13:14 15.09.2020
125
Sumqayıt bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. 

Bu sözləri Prezident İlham Əliyev "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, Sumqayıtın potensialı daha da güclənir: 

"Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcək. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək”.

Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə iki dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk altı ayındakı göstərici ilə müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

Qeyri-neft sənayesinin sürətli inkişafı Azərbaycanın post-pandemiya dövründə iqtisadi inkişafını təmin edə biləcək mühüm amildir. 

Bu sözləri Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili Oxu.Az-a verdiyi açıqlamada bildirib.

Millət vəkilinin fikrincə, pandemiya şəraitinin məhdudiyyətlərinə baxmayaraq bu sahənin 13 faizlik artımı böyük həcmdə potensialdan xəbər verir:

"Ölkəmizin qeyri-neft sənayesinin inkişafında Sumqayıtın rolu getdikcə artır. Zəruri infrastruktur, insan kapitalı və əlverişli hüquqi çərçivə ilə təmin olunan Sumqayıt Kimya Sənaye Parkı gözlənilən nəticəni verməkdədir. 

Cəmi doqquz il öncə yaradılan Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda hazırda xüsusi çəkisi 9,3 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.

Bu ilin altı ayı ərzində parkda məhsul istehsalının iki dəfə, ixracın isə 1.5 dəfə artması mühüm nailiyyətdir. Qeyri-neft sektoruna investisiyanın cəlb olunmasının və özəl sektora əsaslanan iqtisadi artımın təmin olunmasının prioritet elan edildiyi bir dövrdə Sumqayıt Kimya Sənayesi Parkında investisiyaların, istehsalın və ixracın artması gözlənilir”.

Millət vəkili Vüqar Bayramov Oxu.Az-a bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı milli istehsalın və eləcə də Azərbaycanın qeyri-neft ixracının formalaşmasında xüsusi paya malikdir:

"Perspektiv olaraq idxaldan asılılığın aradan qaldırılması və ixrac imkanlarının genişləndirilməsində bu parkın rolunun yaxın müddətdə daha da artacağı gözlənilir. Yeni müəssisələrin istifadəyə verilməsi və peşə təhsil mərkəzinin açılışı parkın gələcəkdə innovativ məhsulların istehsalını daha da genişləndirəcəyindən xəbər verir. Bu kontekstdən yanaşdıqda həm pandemiya, həm də post-pandemiya dövründə yerli istehsalın dəstəklənməsi Azərbaycan üçün prioritetdir”.

Millət vəkili bildirib ki, parkın nəzdində peşə təhsili mərkəzinin istifadəyə verilməsi parkın innovativ məhsul istehsalına pozitiv təsir edəcək:

"Bu da nəticə etibarilə qeyri-neft sektorunda müqayisəli məhsul istehsalının artması deməkdir. Hesab edirəm ki, ixrac imkanlarının genişləndirilməsində Sumqayıt Kimya Sənaye Parkı xüsusi paya malik olacaq. Yerli məhsulların bazara çıxarılması idxaldan asılılığın aradan qaldırımasına xidmət edir. 

Bu həm də valyuta axınının ölkədən kənara çıxmasının qarşısını almaq baxımından çox vacibdir. Peşə təhsil məktəbinin açılışı onu göstərir ki, pandemiya dövründə də iqtisadi siyasət, eyni zamanda islahatlar davam etdirilir. Bu islahatların aparılmasında əsas məqsəd qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir. Bu mənada düşünürəm ki, post-pandemiya dövründə iqtisadi aktivlik daha tez bərpa olunacaq”. 

İqtisadçı millət vəkili Aydın Hüseynov öz növbəsində Azərbaycanın ən böyük iqtisadi strategiyası olan qeyri-neft sektorunun inkişaf etdiyini, bu mənada Sumqayıt Kimya Sənaye Parkının xüsusi çəkiyə malik olan sənaye müəssisələrindən biri olduğunu qeyd edib. 

Deputat Oxu.Az-a verdiyi açıqlamasında bildirib ki, ölkə iqtisadiyyyatında qeyri-neft sektrounun payının artması post-neft dövründə mühüm əhəmiyyət kəsb edir:

"İxracyönümlü və rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı ən böyük prioritetlərdəndir. Biz artıq qarşıya qoyduğumuz hədəflərimizə qismən nail olduq. İndi dünyada dördüncü sənaye inqilabı dövrüdür. Sənaye məhsullarına tələbat durmadan artır. Sənaye sahəsi inkişaf edən ölkələr böyük gəlir əldə edir. Bu sahədə çalışan işçilərin əmək haqları daha yüksəkdir”.

A.Hüseynov qeyd edib ki,  Azərbaycan da bu proseslərdən geri qalmır:

"Dövlət başçısı ölkədə sənayenin inkişaf etdirilməsinə dair lazımi tapşırıqlarını verib. Yerli xammala əsaslanaraq sənayenin inkişaf etdirilməsi əsas prioritet hədəf olaraq qarşıya qoyulub. Bu mənada Sumqayıt Kimya Sənaye Parkı ölkədə sənaye sahəsinin inkişafında mühüm rol oynayan istehsal müəssisəsidir. Ölkəyə valyuta axını cəlb etməklə bu müəssiə büdcənin formalaşmasında önəmli rol oynayır. Eyni zamanda məşğulluğun təmin olunmasında park ciddi çəkiyə malikdir.

Parkın nəzdində Peşə Təhsili Mərkəzinin yaradılması gələcəkdə bu sahədəki kadr çatışmazlığı problemini də qısa zamanda həll edəcək”. 

Şəbnəm Mehdizadə 

OXŞAR XƏBƏRLƏR

X Mostbet