Xəbər verdiyimiz kimi, "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, eləcə də bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini "bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə həyata keçirməlidirlər.
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin sahibi və operatoru funksiyalarını Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi icra edəcək.
AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov bildirib ki, sözügedən müddəalar uzunmüddətli perspektivə hesablanıb:

"29 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış fərmanla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu sənəd uzun müddət ərzində qeyri-hökumət təşkilatlarının fəal iştirakı ilə müzakirə olunub və müxtəlif təklifləri özündə ehtiva edir. Müddəalar yalnız konkret bir dövr üçün deyil, uzunmüddətli strateji xəttə xidmət edir.
Son illər QHT-lər müxtəlif sahələrdə aktiv iştirak edərək dövlət dəstəyinin daha sistemli və təkmil formada həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan əsas yük Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin üzərinə düşür. Digər dövlət qurumlarının da QHT-lərin dəstəklənməsi ilə bağlı səlahiyyətləri mövcuddur. Lakin bu sahədə koordinasiya və əlaqələndirmə mexanizmlərinə ciddi ehtiyac var idi. Ayrılan vəsaitlərin razılaşdırılması və təkrarçılığın qarşısının alınması bu zərurəti daha aydın şəkildə ortaya qoyurdu. Son dəyişikliklər də məhz bu ehtiyaca cavab verir”.
Deputat qeyd edib ki, "bir pəncərə” mexanizminin tətbiqi şəffaflığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır:
"Bu sistem vasitəsilə dövlət strukturları tərəfindən QHT-lərin maliyyələşdirilməsi ilə bağlı qərarlar vahid mərkəzdən koordinasiya olunacaq. Bu, həm təkrarçılığın, həm də idarəetmədə yaranan digər problemlərin qarşısını alacaq. Eyni zamanda, QHT-lərin qərarların qəbulu prosesində və sonrakı mərhələlərdə daha fəal iştirakı üçün əlverişli mühit formalaşacaq. İctimai iştirakçılıq və institusional dəstək bu baxımdan əsas şərtlərdir”.
Azər Allahverənov vurğulayıb ki, Agentliyin yeni idarəetmə strukturunun formalaşdırılması da mühüm addımdır:
"Yeni struktur çərçivəsində icra aparatı, idarə heyəti və digər idarəetmə mexanizmlərinin formalaşdırılması çevikliyin və operativ qərarvermənin təmin olunmasına xidmət edir. İdarə heyətinin yeni prinsiplər əsasında və optimal sayda formalaşdırılması koordinasiya işlərini daha səmərəli edəcək. Bu yanaşma həm QHT sektorunun, həm də dövlət qurumlarının təsir imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək. Bu islahatlara görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.
"Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, Fərman vətəndaş cəmiyyətində böyük rezonans doğurub:

"Prezident İlham Əliyevin imzaladığı ‘Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında’ Fərman vətəndaş cəmiyyətinə göstərilən böyük etimadın ifadəsidir. Bu sənəd QHT-lərin ictimai və dövlət həyatındakı rolunun artırılmasına xidmət edir”.
Onun sözlərinə görə, "bir pəncərə” prinsipinin tətbiqi maliyyələşmə mexanizmlərində keyfiyyət dəyişikliyi yaradacaq:
"Bu yanaşma mərkəzləşdirilmiş, şəffaf və ədalətli maliyyələşmə modelini formalaşdıracaq, daha çox QHT-nin dövlət dəstəyindən yararlanmasına imkan verəcək və bəzi qurumlarda formalaşmış qeyri-rəsmi ‘monopoliya’ların qarşısını alacaq”.
"Konstitusiya Araşdırmalar Fondu"nun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev AZXEBER.COM-a fərmanın əhəmiyyəti haqda danışıb:

"Bu sənəd uzunmüddətli müşahidələrin, təhlillərin və praktiki təcrübənin nəticəsidir. Dövlət–vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə keçidi nəzərdə tutur və QHT-lərə dövlət dəstəyi sisteminin bütövlükdə yenidən qurulmasını təmin edir”.
Ekspertin sözlərinə görə, vahid informasiya sisteminin yaradılması şəffaflığı və hesabatlılığı artıracaq, Agentliyin funksional rolu isə genişlənərək sistem qurucu və koordinasiyaedici mərkəzə çevriləcək.
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, bu addım təsadüfi deyil:
"29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında” Fərman təsadüfi və situativ qərar deyil. Bu sənəd uzunmüddətli müşahidələrin, praktiki təcrübənin, qiymətləndirmələrin və qeyri-hökumət təşkilatları sahəsində real vəziyyətin dərindən öyrənilməsinin nəticəsi kimi formalaşıb. İllər ərzində tətbiq olunan mexanizmlər təhlil edilib, mövcud boşluqlar, təkrarlanan problemlər və institusional uyğunsuzluqlar müəyyənləşdirilib. Nəticədə dövlət–vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə keçidi nəzərdə tutan sistemli qərar qəbul olunub.
Bu Fərman təkcə ayrı-ayrı qaydaların dəyişdirilməsi deyil, QHT-lərə dövlət dəstəyi sisteminin bütövlükdə yenidən qurulmasıdır”.
Ekspert fərmanın əsas mahiyyətinə də toxunub:
"Qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi sahəsində pərakəndə və əlaqəsiz mexanizmlərdən vahid, əlaqələndirilmiş sistemə keçid təmin olunur. Bu sistem dəyişikliyi bir neçə əsas istiqamətdə özünü göstərir.
İlk olaraq, QHT-lərin maliyyələşdirilməsində "bir pəncərə” prinsipi tətbiq edilir. İndiyədək qeyri-hökumət təşkilatları müxtəlif dövlət qurumları, fondlar və agentliklər tərəfindən bir-birindən asılı olmayan mexanizmlərlə maliyyələşdirilirdi. Bu isə maliyyə axınlarında pərakəndəlik, mövzu və prioritetlərin üst-üstə düşməsi, eləcə də dövlət siyasətinin icrasında koordinasiya problemləri yaradırdı. Qəbul olunan Fərman bu vəziyyəti köklü şəkildə dəyişir. Bundan sonra QHT-lərin bütün növ dövlət maliyyələşməsi vahid koordinasiya prinsipi əsasında həyata keçiriləcək. Mövcud maliyyə mənbələri saxlanılır, ləğv edilmir, lakin proseslər vahid sistem daxilində uzlaşdırılır. Bu yanaşma mərkəzləşmə deyil, nizamlı və planlı əməkdaşlıq modeli kimi qiymətləndirilir. Fərmanın növbəti mühüm istiqaməti vahid informasiya sisteminin yaradılmasıdır.
Sənədə əsasən "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” adlı vahid informasiya sistemi təsis edilir. Bu sistem QHT-lərin maliyyələşdirilməsi sahəsində şəffaflığın, izlənə bilənliyin və institusional yaddaşın təmin olunmasında əsas alət olacaq. Yeni sistem vasitəsilə maliyyələşmə prosesləri ardıcıl şəkildə izləniləcək, təkrarlanan layihələrin qarşısı alınacaq, prioritet sahələr üzrə dövlət siyasətinin icrası ölçülə bilən hala gətiriləcək. Bu addım QHT sahəsində rəqəmsal idarəetməyə keçidin institusional əsasını yaradır.
Eyni zamanda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin funksional rolu genişləndirilir. Fərman Agentliyin rolunu keyfiyyətcə dəyişir. Agentlik artıq yalnız maliyyə ayıran qurum kimi deyil, dövlət–özəl–QHT əməkdaşlığını əlaqələndirən sistem qurucu və koordinasiyaedici mərkəz funksiyasını daşıyacaq. Agentlik bütün dövlət qurumları ilə birgə maliyyələşmə proseslərində iştirak edəcək, mövzu və prioritetlərin müəyyənləşdirilməsində rol alacaq, QHT sektorunun səriştəliliyinin və dayanıqlı inkişafının təşviqində iştirak edəcək. Bu dəyişiklik Agentliyin institusional məsuliyyətini və idarəetmə yükünü əhəmiyyətli dərəcədə artırır. Fərmanın mühüm yeniliklərindən biri də idarəetmə modelində dəyişiklikdir. İcraçı direktor modelindən imtina edilərək İdarə Heyəti institutu tətbiq olunur. Bu dəyişiklik qərarların tək şəxs tərəfindən deyil, kollegial şəkildə qəbul edilməsini, məsuliyyətin bölüşdürülməsini, institusional sabitliyin və davamlılığın gücləndirilməsini təmin edir. Bu addım QHT sahəsində idarəetmə mədəniyyətinin yüksəldilməsinə yönəlmiş məqsədli və düşünülmüş addım kimi qiymətləndirilir”.
Ə.Nuriyev qeyd edib ki, dərmanla Şura və icra mexanizmləri arasında səlahiyyət bölgüsü də aydın şəkildə müəyyən edilir:
"Şura ictimai nəzarət və strateji baxış funksiyasını yerinə yetirəcək, İdarə Heyəti isə gündəlik idarəetmə və qəbul olunmuş qərarların icrasına cavabdeh olacaq. Bununla yanaşı, Şuranın formalaşmasında ictimai iştirakçılıq real və institusional əsasda gücləndirilir. Şuranın 7 üzvdən ibarət tərkibinin 4-ü vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən, 3-ü isə dövlət orqanlarının nümayəndələrindən formalaşdırılır. Şuranın sədrinin məhz vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilməsi ictimai iştirakçılığın gücləndirilməsinin mühüm göstəricisi kimi dəyərləndirilir.
Yeni yanaşma QHT-lərə dövlət dəstəyi sahəsində dövlət dəstəyi ilə məsuliyyət arasında balansın qurulmasını nəzərdə tutur. QHT-lər artıq yalnız maliyyə alan subyekt kimi deyil, ictimai problemlərin həllində dövlətin tərəfdaşı kimi qiymətləndirilir. Bu tərəfdaşlıq isə hesabatlılıq, səriştəlilik və dayanıqlılıq tələbləri ilə müşayiət olunur”.
Şahanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc edilib.