“Qırmızı Körpü”də tıxac: Mindən çox avtomobil buraxılış izni gözləyir

“Qırmızı Körpü”də tıxac: Mindən çox avtomobil buraxılış izni gözləyir
SOSİAL
20:44 18.08.2026
62
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 1 030 avtomobil gözləyir.

AZXEBER.COM  bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki "Samur" gömrük postunda 47, Azərbaycan-İran sərhədindəki "Astara" gömrük postunda isə 37 yük maşını var. pizza mizza

Hazırda "Xanoba", "Mazımqara" və "Biləsuvar" gömrük postlarında gözləyən avtomobil yoxdur.

APA-nın məlumatına görə, Gürcüstan tərəfdə, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi bildirilir.

Məlumata görə, yük maşınlarından ibarət növbə bir neçə kilometrə qədər uzanır.

Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Qırmızı Körpü” gömrük-keçid məntəqəsi regionun əsas yük marşrutlarından biridir. Buradan hər gün yüzlərlə yük avtomobili keçir. Son günlər isə məntəqənin Gürcüstan tərəfində TIR-ların sıxlığı müşahidə olunur.

Sərhəddəki vəziyyət xüsusilə beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərin işinə təsir edir. Onların fikrincə, sərhəddə gözləmək daşınan mallara görə əlavə risk və özləri üçün əlavə xərcə səbəb olur.

Gürcüstan ərazisində yaranan növbə sərhədin Azərbaycan tərəfində də yük avtomobillərinin hərəkətinə təsirsiz ötüşmür. Nəticədə sürücülər sərhədi keçmək üçün uzun müddət gözləməli olurlar. Məsələ təkcə vaxt itkisi ilə məhdudlaşmır. Yük avtomobillərinin uzun müddət yolda qalması yanacaq sərfiyyatını artırır, sürücülərin istirahət imkanlarını məhdudlaşdırır və daşınan məhsulların təyinat yerinə çatdırılma müddətini uzadır.

Sürücü Hasan Sarısoy bildirir ki, Gürcüstan ərazisində parka daxil olmaq üçün üç gün gözləyiblər. Daha sonra isə parkda daha dörd gün növbə gözləməli olublar. Onun sözlərinə görə, sürücülər yollarda ağır vəziyyətlə üzləşirlər: "Azərbaycana girişdə çox problem var. Səbəbini soruşanda deyirlər ki, Gürcüstan tərəfi işləmir”.

Digər sürücü Əli Əyrica isə uzun növbələr səbəbindən günlərinin böyük hissəsini yollarda keçirdiyini deyir.

Sürücülərin bir qismi yaranmış sıxlığın səbəblərindən biri kimi Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik tədbirlərinin artmasını və nəqliyyat axınının Gürcüstan marşrutuna yönəlməsini göstərir.

35 ildir Azərbaycana gəlib-getdiyini deyən sürücü Hüseyn Yanık isə bu müddət ərzində belə çətinliklə qarşılaşmadığını bildirir: "35 ildir ki, Azərbaycana gəlib-gedirəm. Bu qədər çətinlik bu zamana qədər olmamışdı. Bunun bir neçə səbəbi var. Birinci səbəbi də Ukrayna müharibəsidir. Dənizdəki gəmilər TIR-ları daşıya bilmirlər. Ona görə də bu tərəfdə sıxlıq yaranıb. Sıxlıq olduğu halda dövlətlərin təhlükəsizlik tədbirləri görməsi gündəmə gəlir. Bundan bir il əvvəl 100 maşın gəlirdisə, indi 500-1000 maşın gəlir”.

Sürücü Məhəmməd Çaylı da Gürcüstan ərazisində yaranan vəziyyətdən narazıdır: "Bura yük gətirmişik. Biz Gürcüstan tərəfində olmazın əziyyətini çəkirik. Yol qırağında o qədər park var, amma 20 kilometr maşın tıxacı yaranıb. Əgər göndərə bilmirlərsə, başqa qapılara yönəltsinlər bizi”.

Dövlət Gömrük Komitəsindən məsələ ilə bağlı "APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.

"Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb”, - qeyd edilib.
OXŞAR XƏBƏRLƏR