"Artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə mütəxəssislər ciddi nailiyyət əldə edərək qısa zamanda xəstəliyə qarşı effektiv peyvəndlər hazırlaya bilib”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov vaksinasiya barədə deyib.
Akademik qısa zamanda vaksinin öz təsirini göstərəcəyini qeyd edib:
"Dövlətimizin səyi nəticəsində Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksinini alınıb və ölkəmiz əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır. Qeyd edilən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. "CoronoVAC” vaksini bir neçə ölkədə klinik sınaqlardan keçirilmiş və effektivliyi yüksək olmuş, mənfi təsirləri aşkar edilməmişdir. Vaksinin ölkəmizə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub. Bir həftədən çoxdur ki, ölkəmizdə əhalinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Əhalinin bəzi təbəqələri artıq bu prosesə cəlb olunub. Göründüyü kimi heç bir yan təsir müşahidə olunmur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”.