"Qiyabi təhsil alanların, demək olar, 99 faizi əmək fəaliyyəti ilə məşğul olurlar. Qiyabi təhsilə görə kiməsə hərbi xidmətdən möhlət verilməsi qəbul olunmayıb və müzakirə də olunmur. Müəyyən şəxslər bu barədə fikir bildirirlər. Əyani təhsil alanlara möhlət verilir. Hesab edirəm qiyabi təhsilə görə də hərbi xidmətdən möhlət vermək məqsədəuyğun hesab olunmaz”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov qiyabi təhsil alan tələbələrə də hərbi xidmətə çağırışdan möhlət verilməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
E.Məmmədov təhsilə görə güzəşt etməyin müsbət fikir olduğunu bildirib:
"İstər qiyabi, istərsə də əyani formada təhsil almağın tərəfdarıyam ki, təhsilalanlara hər cür köməklik göstərməliyik. Bizim yaxın ətrafın içərisində də öz təhsil haqqını ödəmək üçün dərsdən sonra əmək fəaliyyəti ilə məşğul olanlar var. Mən ən çox onun tərəfdarıyam, daha yaxşı olar ki, təhsil müəssisələrində ilbəil artan təhsil haqqının azaldılması məsələsinə baxılsın.
Gənclərimizin arasında təhsil alması üçün bəzən ailə vəziyyəti, maddi durumu imkan verməyən övladlar var ki, ödənişi edə bilmədiyi üçün təhsil də ala bilmirlər. Ali və orta təhsil müəssisələrində təhsil haqqının azaldılması daha məqsədəuyğun hesab olunar. Əgər qiyabi təhsillə bağlı möhlət hüququnun təmin olunması ilə bağlı məsələ qaldırılsa, mən də onun tərəfdarı olaram. Heç zaman əleyhinə çıxmaram. Təhsilə görə güzəşt etməyə dəyər”.











































