Qızıla çevriləcəyini gözlədiyimiz göz yaşları

Qızıla çevriləcəyini gözlədiyimiz göz yaşları
KÖŞƏ
10:07 07.08.2012
2499

Pərvanə İbrahimova

Bir neçə gün öncə hamı Elnurdan danışır, uğursuzluğunun səbəblərinin araşdırır, insafən, tutarlı arqumentlər gətirirdilər. Pekin olimpiadasında gümüş medala imza atan, Avropa, dünya miqyasında dəfələrlə laureat olan yunan-roma güləşçimiz Rövşən Bayramovun London uğuruyla günün mənzərəsi və mövzusu dəyişdi. İndi hamı, Rövşəndən, onun son dərəcə ustalıq nümayiş etdirdiyi oyunlardan danışır.Boy fərqinə görə rəqiblərindən seçilən Rövşən, nəinki bunu özünə problem edir, əksinə, illərin təcrübəsindən yararlanaraq ilk fürsətdə fənd tətbiq edir, parter vəziyyətini isə öz xeyrinə dəyişə bilirdi. Bəlkə də bu haqda danışmağa dəyməz. Çünki «görünən dağa nə bələdçi». Hər şey hamının gözləri önündə baş verirdi. Bu baxımdan, qalibin məhz Rövşən olacağına ümidlər artırdı. Etiraf edək ki, idmançımız finalda gözəl oyun nümayiş etdirsə də, qalib Ərdəbil azərbaycanlısı oldu. Bu da təsəlli olmalıdır məncə…

… Gərgin mübarizə arxada qalıb. Mükafatlandırma mərasimi keçirilir. Bürüncə sahib çıxan hər iki idmançı özlərini dünyanın ən xoşbəxti hesab edir, sevinclərini gizlədə bilmirlər. Ərdəbilli çempion da eyni hissləri yaşayır. Rövşən isə Pekindəki taleyi yaşamaqdan məmnun görünmür. Qızılın bir addımlığından geri dönüşü həzm edə bilmir. Kədərli bir görkəmdə, başı aşağı, sanki ağlayacaq kimi. Mükafatlar sahiblərini tapır. medallar təqdim olunur, əllə görüşülür. Sıra Rövşənə çatır, Azərbaycan adı edan edilir…Və hər şey bundan sonra başlayır. Nə baş verir? Rövşən ağlayır? Niyə? Qızıldan məhrum olduğuna görəmi? Olmaz Rövşən!!! Növbəti dəfə eyni uğuru təkrarlamaq şərəfinə nail olmusan. Əlbət ki, biz də sənin çempion kimi dönüşünə səbirsizlənirdik. Amma gözümüzdə yenə də çempionsan. İş qızılda, gümüşdə yox, əzmkarlıqdadır, gözəl oyundadır, onu da sən etdin, bacardın. Bizi sevindirdin, qürurlandırdın. Qürurlandırdın da özün ağladın, başını aşağı saldın. Məncə sən özünün çempion olmadığına görə yox, Azərbaycanımızın adı elan ediləndə ölkənin bayrağını qaldırıb, himnini səsləndirə bilmədiyinə görə ağladın. Başını məhz buna görə dik tuta bilmədin. Bizi də kövrəltdin, hətta özün kimi ağlamağa məcbur etdin. Sənə başıaşağı durmaq yaraşmır, Rövşən. Başını dik tut. Çünki buna layiqsən. Bunu təkcə mən demirəm, bütün Azərbaycan deyir, sənə mükafat təqdim edən şəxsin jestləri deyir. Bütün mükafatçılarla əllə görüşənlərdən fərqli olaraq Federasiyanın İcraiyyə Komitəsinin üzvü sənin üzündən öpdü. Bu, sadə bir təsəlli və könül oxşamaq deyildi. Bu, sənin gözəl oyununa, simanda isə Azərbaycana, onun idmanına və idmançılarına olan jesti, isti münasibəti idi.

Mərasim bitir… Kompüteri açıram, Facebook səhifəmə daxil oluram. Bu statusumu yazıram: «Məncə Rövşən olimpiya ikincisi olmasına görə yox, Azərbaycanın adı səslənəndə ağladı… O bizim üçün çempiondur. Gözəl oyunlar nümayiş etdirdi… İkinci dəfə eyni uğuru təkrarlamaq hər idmançıya nəsib olmur. Azərbaycan səninlə fəxr edir Rövşən!!!».Nəyin şahidi oluram. Statusu bəyənənlərin sayı durmadan artır, hamı Rövşəni təbrik edir, uğuruna sevinir, belə çemponu olduğuna görə qürur hissini gizlətmir.

Gecə saat 12-ni keçib. Rövşənin uğuruna sevinənlərin isə sanki yuxusu ərşə çəkilib. Nə gözəl statuslar yazırlar, şərhlər gəlir. Türkiyədən Muhammet Mehmetoğlu yazır: «Tebrikler, bizimkiler daha medalya alamadılar», Elmira İsmayılova: «O kövrəlməmişdi, hönkür-hönkür ağlayırdı. Mən də onunla birgə ağlayırdım», Anzulə Əmirova: «Caaaan nə yaxşı ki, baxmamışam, heç belə qardaşlarımızı qınamağa dəyər. Taxta medal da gətirsələr, canları sağ olsun», Səadət Məmmədova: «İgid oğul Bayramov! Düzdür, sən qat-qat artığına layiqsən, amma hər adamın çıxa bilmədiyi zirvədəsən! Halal olsun! Qəlbimizdəsən!», Maral Əliyeva: «Bəzilərindən fərqli olaraq ugur qazanandan sonra arxayınlaşmadın. Ölkənin adını ucaltdın. HALALDI !!!», Günay Əliyeva: «Halaldı sənə ananın südü Rövşən… Sənin kimi övladlar vətənin fəxridir!!! Öpürük səni… Allah səni qorusun!!!» və. s.

Və nəhayət inanırıq ki, Rövşən həmişəki əzmkarlığını qoruyacaq və biz 4 il sonrakı olimpiadada onun qızıla çevriləcəyini gözlədiyimiz göz yaşlarının şahidləri olacağıq…

OXŞAR XƏBƏRLƏR