Lənkəran rayonunun Nərimanabad qəsəbəsində 24 yaşlı Təranə Ağayevanın 2012-ci ildə itkin düşməsi ilə bağlı araşdırmalar davam etdirilir.
Gənc qızın qardaşı tərəfindən öldürüldüyü bildirilsə də, bu iddia təsdiqini tapmayıb və polis tərəfindən saxlanılmış Fuad Ağayev sərbəst buraxılıb.
Uşaqların atası Polad Ağayev isə Lent.a-a açıqlamasında Təranənin qətlə yetirilmədiyini, evdən qaçdığını deyib. Oğlunun yanlış məlumat əsasında tutulduğunu və sonradan sərbəst buraxıldığını bildirən ata qızının ölüsünü, ya dirisini tələb edib: "Uşaq bacısını öldürdüyünü yalandan boynuna götürməli olub. Əslində qız ölməyib. Qaçmazdan bir gün əvvəl anasına sahəyə gedəcəyini deyib və həmin vaxtdan yoxa çıxıb. Həmin vaxt Fuad Bakıda olub. Sonra qardaşına zəng edib deyib ki, qaçır. Amma kiminlə getdiyini deməyib. Hələ də dəqiq bilmirik ki, hardadı, kim aparıb, ölüdü, ya sağdı. Qızın dərdindən yoldaşımı infarkt vurdu, rəhmətə getdi".