Qızını və həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Səmədovun məhkəməsi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz prokurora verilib. Dövlət ittihamçısı çıxış edərək, S. Səmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən il Xırdalanda baş verib. Şəhər sakini Sərdar Səmədov qızı Nigar Səmədovanın əxlaqsız hərəkətlər etməyindən şübhələnib. O, qızını izləyib. Başqa-başqa maşınlara mindiyini görən ata qızını öldürmək qərarına gəlib. Ata pilləkənin altında qızının evə gəlməyini gözləyib. Qızı evə girən kimi onun üstünə hücum çəkərək 14 bıçaq zərbəsi vurub. Səsə gələn arvadı Baysaba Səmədovaya da bir neçə bıçaq vurub. Qonşuların köməkliyi ilə ana-balanı Klinik Tibbi Mərkəzə aparıblar. Onların həyatını xilas etmək mümkün olub.
Sərdar Səmədov isə hadisə yerindən qaçaraq Sınıq Körpü Keçid Məntəqəsinə gedərək ölkədən qaçmaq istəyib, lakin saxlanılıb.
Ata törətdiyi əməli 19 yaşlı qızının oğlanlarla görüşüb - danışması, işdən evə gec qayıtması ilə əsaslandırıb.
Ona Cinayət Məcəlləsinin 29.120 maddəsi ilə ittiham verilib.
///lent.az