İqlim dəyişikliyi inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrə təsir edən dövrümüzün ən mühüm qlobal problemlərindən biridir.
Bəs, bu ekoloji fəlakətin qarşısını necə almaq olar?
Azərbaycanda bununla bağlı nə kimi tədbirlər görülə bilər?

Mövzu ilə bağlı AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev AZXEBER.COM-a açıqlama verib.
O iqlim dəyişkliyinin qlobal xarakter daşıdığını, buna qarşı dünya miqyasında tədbirlərin görülməsinin lazım olduğunu deyib:
"İqlim dəyişikliyi təbiətdən gəlir. Ayrı-ayrı lokal yerlərdə baş vermir. Ölkələr buna qarşı lokal xarakterli tədbirlər görə bilməzlər.
150-dən çox ölkənin imzaladığı Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası var. Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər paketi mövcuddur. Bütün bunlar iqlim dəyişmələrinə qarşı birlikdə hərəkət etməyə yönəlib. Birlikdə mübarizənin əsas nöqtəsi odur ki, ətraf mühitə buraxılan istilik effekti yaradan qazlar azaldılsın. Bu qazlar enerji istehsalından yaranır. Bizim ölkəmizdə belə istixanalar var. Dünyada bu istiqamətdən böyük hərəkətlənmə gedir ki, istixanalar azaldılsın”.
İslam Mustafayev iqlim dəyişmələrinə adaptasiya tədbirlərinin həyata keçirilməsinin vacib olduğunu söyləyib:
"Suvarma sularına qənaət etmək, qış sularının saxlanılması, qasırğalar, sellər, daşqınlara qarşı bəndlərin həyata keçirilməsi kimi tədbirlər görmək olar.
Azərbaycanda da adaptasiya tədbirləri görülə bilər. Məsələ ilə bağlı bir çox ölkələr müəyyən öhdəliklər üzərlərinə götürüblər. Bu öhdələklərə qarşı işlər görülür. 2050-ci ildə istilik yaradan qazların miqdarının sıfıra çatdırılacağı gözlənilir. Ümid edirəm ki, bu planla iqlim dəyişməsinin sürəti, tempratur artımı azalacaq. Bununla da insanlıq baş verən bu fəlakətdən can qurtaracaq”.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan ekoloq Telman Zeynalov bildirib ki, ekoloji tarazlığın bərpası üçün təbiətə vurulan ziyanın həcmi azaldılmalıdır:
"İqlim dəyişikliyinə uyğunlaşmaq lazımdır. Biz isə uyğunlaşmırıq, təbiəti dağıdırıq. Təbiət bizdən intiqam alır. Maqnit şüaları öz istiqamətini dəyişib. Bunu araşdırmaq lazımdır. Nəyə görə maqnit şüaları öz istiqamətini dəyişib? Yer kürəsi də öz istiqamətini dəyişərək şimal tərəfə-günəşə doğru dönüb. İqlimlə mübarizə aparmaq üçün dövlətlərin qabaqlayıcı tədbirlər görməsinə ehtiyac var. Ancaq əksinə iqlimi qızışdırırlar. Ekoloji çirklənmənin qarşısı alınmazsa, bu proses daha da dərinləşəcək. Bunun üçün ilk növbədə tullantıları idarə etmək lazımdır. Hər addımda tullantılar yaradılır. Tullantılar yığıldıqca, cürüyüb karbon qazı, metan qazı yaradır”.
Ekoloq hesab edir ki, qlobal iqlim dəyişikliyinə səbəb insan faktorudur:
Baş verən iqlim dəyişikləri bir çox problemlərin üzə çıxmasına səbəb olub. Xüsusilə qlobal səviyyədə istiləşmə artır, şimal ərazilərdə buzlaqların əriməsi, intensiv yağışların artması və ərazilərin su altında qalması, təsərrüfata, insan sağlamlığına ziyan vurur”.
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc edilib.










































