"Qlobal təşəbbüslər ölkəsi - Azərbaycan"

"Qlobal təşəbbüslər ölkəsi - Azərbaycan"
SİYASƏT
10:45 10.11.2021
332
Dünyada COVID-19-un pandemiya elan edilməsindən ötən müddət ərzində Azərbaycan dövləti tərəfindən vəziyyət ciddi nəzarətə götürülüb, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparılıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirilib. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edilib. Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılıb.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də forumun açılış mərasimindəki çıxışında bu məqama xüsusi toxunaraq, qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə burada - Bakıda belə geniş təqdimatların olacağını heç kim təsəvvürə gətirə bilməzdi. Çünki virus şiddətlə yayılırdı və qapanmaların miqyası getdikcə genişlənirdi. İndiki tədbirin bu şəkildə keçirilməsi isə birinci növbədə onu göstərir ki, COVID-19 ilə bağlı vəziyyət getdikcə yaxşılaşır. Digər tərəfdən, bu, tədbirdə iştirak edənlərin forumun fəaliyyətinə, o cümlədən hamımızı narahat edən pandemiya ilə bağlı məsələyə ciddi yanaşılmasını göstərir. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində keçirilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilib. Dövlət başçısının dəstəyi ilə Mərkəz öz ətrafında Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli şəxsləri, müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir.

Möhtərəm Prezident cənab İlham Əliyevin çıxışında diqqət yönəltdiyi digər bir məsələ Vətən müharibəsi və postmüharibə dövrünün reallıqları ilə bağlı olub: "Forum iştirakçlarına Ermənistanın işğalçılıq siyasəti, "yeni ərazilər uğrunda yeni müharibə” deməklə Azərbaycanın daha çox ərazisini işğal etməklə bağlı hədələməsi faktları ilə bağlı geniş məlumat verən dövlət başçısı diqqəti növbəti dəfə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin baş verənlərə səssiz qalmasına yönəltdi. Azərbaycan münaqişəni özü həll etməklə həm də 27 ildir ki, kağız üzərində qalmış BMT qətnamələrini icra edib. Doğurdan da Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr bundan sonra da kağız üzərində qalacaqdı. Prezidentin münaqişə ilə bağlı təqdim etdiyi təhlil və faktlar beynəlxalq hüququn prinsiplərinin selektiv qaydada tətbiqinin sülh üçün dağıdıcı təhlükə mənbəyi olduğunu sübut edir. Bir daha dövlət başçısı öz çıxışı ilə Azərbaycanın regionda və bütün dünyada sülhün və ədalətin bərqərar olunmasına çalışdığını ortaya qoymuş oldu.

Naftalan şəhər sakini Aynurə Novruzova
OXŞAR XƏBƏRLƏR