Rusiya Federasiyasının Başqırdıstan respublikasının Beloçerk şəhərinin polisi Oksana Yuroçkinanı saxlayıb.
Oksana Yuroçkina qonşusu Olqa Yuroçkinanın evini yandırmaqda ittiham olunur. Yanğın nəticəsində Olqanın 3 və 4 yaşlı uşaqları ölüblər.
"Ufa Daily" qəzetinin məlumatına görə, qadınlar arasındakı münaqişəyə səbəb onların hər ikisinin bölüşdürə bilmədikləri bir kişi olub. Bundan öncə 5 uşaq anası Olqa qonşularını qızışdıraraq Oksananı döydürməyə çalışıbmış.
Noyabrın 22-də isə Oksana qonşunun evinin ətrafına solyarka töküb yandırıbmış. Lakin həmin vaxt ev sahibləri yanğından duyuq düşərək vaxtında evi tərk edə biliblər. İlk cəhdi uğursuz alınan Oksana öz çirkin niyyətini həyata keçirmək üçün daha münasib vaxt seçib. Birinci cəhdin üstündən üç gün sonra Olqanın 19 yaşlı qızı Daryanın ad günü zamanı Oksana evin içinə girərək oraya od vurub. Taxta ev qısa bir zamanda alovlanaraq yanıb. 41 yaşlı Olqa əvvəlcə rəfiqəsi ilə yanğını söndürməyə çalışıblar. Sonradan isə yanğınsönürənlər çağırılıb.
Qonşuların köməyi ilə evdə köməksiz qalan adamları çıxarmaq mümkün olsa da, 3 yaşlı Varvaranı və 4 yaşlı İvanı xilas edə bilməyiblər.
Olqanın uşaqları - 19 yaşlı Darya, 15 yaşlı Diana və 11 yaşlı Fyodr hazırda sosial sığınacaqda yerləşiblər. //milli.az