Qubadlının yeni inkişaf dövrü başlayıb

Qubadlının yeni inkişaf dövrü başlayıb
SİYASƏT
10:25 25.10.2022
736
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir.  İşğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpüdağıdılmış və yararsız vəziyyətə salınmışdır.
25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəklikləri götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.
2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır.
Bu gün reallaşan layihələr Qubadlının işıqlı gələcəyindən xəbər verir. Cari ilin oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qubadlı şəhərinə səfəri çərçivəsində Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Möhtərəm Prezident cənab  İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə də tanış olub.   Qubadlıda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub. 
Hazırda işğaldan azad edilmiş ərazilərdə sürətlə quruculuq-bərpa işləri həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Füzuli və Zəngilanda Beynəlxalq Hava Limanlarının açılışı Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə düşmənin xarabalığa çevirdiyi torpaqlarımız yenidən dirçəlir. Ermənilərin taladıqları və dağıtdıqları Qubadlının tarixi, mədəni, ictimai abidələri yenidən bərpa olunacaq. Qubadlı Şərqi Zəngəzur iqtisadi rayonunun bir ərazisi olaraq müasirliyə qovuşmuş yeni bölgəmiz olacaq.


Naftalan şəhər sakini Ülfət Əliyev

OXŞAR XƏBƏRLƏR