25 dekabr tarixində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirilib.
Mediatur çərçivəsində Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı "Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq təşkil edilib.
Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış rəvayət də təqribən eyni məzmunludur.
Rəvayətə görə, Dağyanusun Allahlığına etiraz edən gənclərin içərisində yaşca böyüyü olan və Dağyanusun vəziri olan Təmlixa, onun qardaşı Müslina və daha dörd nəfər gənc- Məksəlina, Mərnuş, Debərnuş, Sazənuş qaçıb mağaraya üz tuturlar. Dağyanus isə qoşunu ilə altı nəfər gənci axtarmağa başlayır. Beləliklə gənclər gündüzlər gizlənir, gecələr isə yol gedirlər. Yolda bir çobana rast gəlirlər. Çobanın adı Keşef Tatayyuş idi. Çoban bu gənclərin məramını bildikdən conra onlara yalvarır ki, onu da öz dəstələrinə qəbul etsinlər. Çünki o da tək Allaha inanır, ona ibadət edir və Dağyanusun zülmündən o da baş götürüb dağlara getmək istəyir. Çobanı öz dəstələrinə qəbul edən gənclər görür ki, çobanın qoyunları və Qitmir (və ya Ketmir) adlı iti də onların arxasınca gəlir. Çobana deyirlər ki, qoyunları və iti geri qaytarsın, çünki qoyunlar bizi ələ verər, it də hürər hökmdarın adamları eşidər. Çoban qoyunlara "dur” deyir, qoyunlar hamısı daşa dönür, amma nə qədər çalışırsa it geri qayıtmır, onu ağacla, daşla vurur, ayağını sındırır, yenə it geri qayıtmır. Nəhayət it insan kimi dilə gəlib deyir ki, o da Dağyanusun zülmündən bezardır, o da tək Allaha inanır. İt yalvarır ki, zülm əlindən qaçana zülm etməsinlər, onu dəstələrindən ayırmasınlar. Gənclər deyir ki, o başqa cinsdən olduğuna görə onu dəstəyə qəbul edə bilməzlər. Bu zaman it deyir ki, məhəbbət məzhəbində, sədaqət dinində cins əsas şərt deyil. Əgər onu Siz əsas şərt hesab edirsinizsə, onda Siz də bu yoldan geri qayıtmalısınız, çünki, o kəsin ki, məhəbbətinə görə yola çıxmısınız o da Sizin cinsinizdən deyil. Gənclər itin insan kimi dil açmasını, onun məntiqini, inam və etiqadını Tanrı möcüzəsi kimi qəbul edir və Qitmiri öz dəstələrinə götürürlər. Nəhayət gənclər dağ başında bir mağaraya sığınırlar. Çox yorğun olduqlarından mağarada yuxuya gedirlər. İt yatmadı, onları qorudu. İtin ağzından köpük yerə damlayırdı. İt öz ayaqlarını yalayaraq, yerə tökülmüş köpüyü yedi. Deyilənə görə cənnətə gedən on heyvandan birisi də Qitmirdir. Allah bu əziz bəndələrinə hər cür qayğı göstərmiş, torpaq üzərində çürüməmələri üçün onları vaxtaşırı sağa-sola çevirmişdir. Surənin 18-ci ayəsində belə deyilir: "(Gözlərı açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini (qabaq pəncələrini) mağaranın astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, səni dəhşət bürüyər və (qorxudan) dönüb qaçardın”.
Qurani-Kərimdə göstərilir ki, Əshabi-kəhfin - mağara dostlarının bu mağarada nə qədər, neçə il yatması ancaq Allah – Taalaya məlumdur. Quranda Surənin 25-ci ayəsində göstərilir ki, onlar mağarada üç yüz il qaldılar, doqquz il də üstəlik. Burada üç yüz il Günəş, üç yüz doqquz il isə Ay təqvimi ilə götürülmüşdür.
Yuxudan oyanmış mağara dostları aclıq hiss edir və yemək almaq üçün şəhərə adam göndərməyi lazım bilirlər. Dağyanusun hakimiyyətdə olduğunu güman etdiklərinə görə məsləhət görürlər ki, gedən adam çox ehtiyatlı olsun. Çörək almaq üçün şəhərə Təmlixa gedir. Çörək alarkən Dağyanusun dövründən qalma gümüş pulu verərkən çörəkçi onun xəzinə tapdığını güman edir və ona deyir: - Tapdığın xəzinənin yarısını mənə verməsən, şəhər hakiminin yanına aparacağam. Təmlixa onu inandırmağa çalışır ki, o və yoldaşları dünən yatıb bu gün ayılmışlar, ac olduqları üçün çörək almağa gəlmişdir, yoldaşları onu mağarada gözləyirlər. Çörəkçi onun uzun saçlarını, uzanmış saqqalı və dırnaqlarını görüb ona inanmır və şəhər hakiminin yanına aparır. Şəhərin hökmdarı Təmlixa ilə birlikdə mağaraya gəlir. Təmlixa hökmdardan icazə alıb mağaraya əvvəlcə girir, əhvalatı yoldaşlarına danışır. Onlar da 309 il mağarada yatdıqlarına inanır və bunu Allahın möcüzəsi hesab edirlər. Mağara sahibləri Allaha yalvarırlar ki, onları Allahın dərgahına qovuşdursun və əbədi dünyaya aparsın. Allah da onların arzularını yerinə yetirir. Beləliklə mağaranın girəcəyində, sol tərəfdə "Yeddi kimsənə” deyilən yerdə qeybə çəkilmişlər.
Müqəddəs Qurani-Kərimin bu məsələ ilə birbaşa bağlı olan surəsi "Əl-Kəhf" surəsidir. Qeyd etdiyimiz kimi, dünyanın bir sıra bölgələrində "Əshabi-Kəhf" adı ilə tanınan mağaralar vardır ki, onların da Qurani-Kərimdə adı keçən mağara olduğu iddia edilir.
Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Son illərə qədər mağaranın girəcəyindən çıxan bulaq içməli suyu tam təmin edə bilirdi. İndi isə bulaq qurumuşdur. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarətdir.
Bu gün "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.
"Əshabi-Kəhf"dən hazırladığımız reportajı təqdim edirik:
Ayşən Mirzəyeva