Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı
SOSİAL
23:32 18.06.2026
308
Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət, mənəvi təmizlənmə və dini düşüncələrin ön plana çıxdığı dövr kimi qəbul edilir. Bəs, Məhərrəm ayının İslamda yeri nədir və bu müddətdə hansı davranışlar düzgün hesab edilmir və ya günah sayılır?

Məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, İslam dininə görə Məhərrəm ayı hicri İslam təqviminin ilk ayıdır və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. 

"Qurani-Kərimdə buyurulur: "Həqiqətən, Allah yanında ayların sayı Allahın göyləri və yeri yaratdığı gündən etibarən on iki aydır. Bunlardan dördü haram aylardır”. Təfsir alimlərinin əksəriyyətinin fikrincə, həmin haram aylardan biri də Məhərrəm ayıdır. Haram ayların əsas xüsusiyyəti insanların fitnədən, düşmənçilikdən və zülmdən uzaq durmağa, mənəvi həyatlarını daha da saflaşdırmağa çağırılmasıdır. Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) buyurub ki, Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Bu hədis Məhərrəm ayının Allah Rəsulu tərəfindən necə dəyərləndirildiyini açıq şəkildə göstərir. Xüsusilə Aşura günü tutulan orucun böyük savaba səbəb olduğu bildirilmişdir”.

İlahiyyatçı bildirib ki, başqa bir hədisdə Peyğəmbər (s.ə.s.) buyurur ki, Aşura günü tutulan orucun əvvəlki ilin bəzi günahlarının bağışlanmasına vəsilə olacağına ümid edir. 

"Cəmiyyətimizdə uzun illərdir ki, Məhərrəm ayı ilə bağlı müxtəlif adətlər formalaşıb. Lakin dini hökmlərlə xalq adətlərini bir-birindən ayırmaq vacibdir. Quranda və səhih hədislərdə Məhərrəm ayında evlənməyin, toy etməyin, nişan keçirməyin, yeni işə başlamağın və ya hər hansı halal nemətdən istifadə etməyin qadağan olunduğuna dair heç bir dəlil yoxdur. Bəzən insanlar Məhərrəm ayında toy etməyi günah hesab edirlər. Lakin İslam hüququnun əsas mənbələri olan Quran və sünnədə belə bir hökm mövcud deyil. Haram olan əməllər bütün aylarda haramdır, halal olanlar isə bütün aylarda halaldır. Din alimləri də əsrlər boyu bu prinsipə diqqət çəkiblər”. 

Onun sözlərinə görə İmam Nəvəvi, İbn Həcər əl-Əsqəlani, İbn Teymiyyə və digər klassik alimlər qeyd ediblər ki, Məhərrəm ayının fəziləti ibadətin artırılması, tövbə, dua, oruc və xeyirxah əməllərlə bağlıdır. İnsanların özlərinə əziyyət verməsi, bədənlərinə xəsarət yetirməsi və ya dini mətnlərdə olmayan mərasimləri ibadət kimi təqdim etməsi isə İslamın əsas prinsiplərinə uyğun hesab edilmir.

"Qurani-Kərimdə buyurulur: "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” Başqa bir ayədə isə belə deyilir: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.” Bu ayələr göstərir ki, insanın özünə qəsdən zərər verməsi, bədəninə xəsarət yetirməsi və bunu dini davranış kimi təqdim etməsi İslamın ümumi ruhuna uyğun deyil. Məhərrəm ayı eyni zamanda Kərbəla hadisəsinin xatırlandığı dövrdür. Həzrət Hüseynin şəhadəti İslam tarixinin ən ağrılı hadisələrindən biridir. Onun zülmə qarşı mübarizəsi və haqq uğrunda fədakarlığı bütün müsəlmanlar üçün böyük mənəvi nümunədir. Lakin tarixdə baş vermiş faciələri anmaqla həmin faciələri yenidən yaşamaq və ya insanlara psixoloji və fiziki əzab vermək arasında ciddi fərq vardır”.

Əkrəm Həsənov bildirib ki, müasir dini araşdırmalarda da vurğulanır ki, dini mərasimlərin əsas məqsədi insanlarda mənəvi yüksəliş, əxlaqi inkişaf və sosial həmrəylik yaratmaqdır. 

"Son illərdə din psixologiyası və sosial davranış sahəsində aparılan tədqiqatlar göstərir ki, mərhəmət, yardımlaşma, bağışlama və mənəvi dəyərləri gücləndirən dini fəaliyyətlər həm fərdi, həm də ictimai sağlamlığa müsbət təsir göstərir. Buna görə də Məhərrəm ayının ruhuna uyğun davranışlar nifrət və qarşıdurma deyil, düşünmək, ibrət götürmək, dua etmək, ehtiyacı olanlara yardım göstərmək və mənəvi özünüislahdır.
 
Dəfələrlə vurğuladığım kimi, din insanı qorxu ilə deyil, şüur və anlayışla kamilləşdirməlidir. Məhərrəm ayının əsas mesajı da məhz budur. Bu ay insanın öz vicdanı ilə üzləşməsi, həyatına nəzər salması, haqsızlıqdan uzaq durması və Allahla əlaqəsini gücləndirməsi üçün bir fürsətdir”.

Onun sözlərinə görə, Məhərrəm ayında günah hesab edilən əməllər digər aylarda da günah olan əməllərlə eynidir ki, bunlara yalan danışmaq, haqsızlıq etmək, zülm etmək, insanların haqqını tapdalamaq, fitnə yaymaq, haram qazanc əldə etmək və insanlara zərər vermək aiddir. 

"Əvəzində isə oruc tutmaq, dua etmək, Quran oxumaq, sədəqə vermək, ehtiyac sahiblərinə kömək etmək və mənəvi təmizlənməyə çalışmaq bu ayın ruhuna ən uyğun davranışlardandır. Dini baxımdan insanın özünə qəsdən xəsarət yetirməsi, özünü yaralaması və ya uşaqların fiziki və psixoloji cəhətdən zərər görməsinə səbəb ola biləcək davranışların təşviq olunması İslamın əsas prinsiplərinə uyğun hesab edilmir. Dinə aid olmayan və dini mahiyyətdən uzaq davranışların İslamla əlaqələndirilməsi düzgün yanaşma sayılmır”.

Beləliklə, Məhərrəm ayı ilə bağlı cəmiyyətdə kök salmış bəzi qadağalar dini hökmlərə deyil, adət-ənənələrə əsaslanır. İslamın əsas qayəsi insan bədəninə xəsarət yetirmək və ya halal nemətlərdən imtina etmək deyil, mənəvi saflığa və sosial yardımlaşmaya nail olmaqdır. Dini ayinlərin xurafatdan təmizlənməsi və elmi əsaslarla dərk edilməsi cəmiyyətdə sağlam dini şüurun formalaşması baxımından böyük əhəmiyyət kəsb edir.
OXŞAR XƏBƏRLƏR