"Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının yeddinci turunda "İmişli” üzərində qazanılan 2:0 hesablı qələbəni dəyərləndirib.
Mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularının çıxışından razı qaldığını bildirib.
"Futbolçularımı təbrik edirəm. Bu qələbə bizim üçün çox vacib idi. Oyunçularımız böyük əziyyət çəkdilər və intizamlı oyun nümayiş etdirməyə çalışdılar. Qarşımızda müdafiədə kompakt və yaxşı təşkilatlanmış komanda var idi. Belə rəqibə qarşı səbirli oynamaq lazım idi. Futbolçularımız bunun öhdəsindən gəldilər.
Azarkeşlərimizi də təbrik etmək istəyirəm. Onlar çempionatda 1000-ci oyunumuzda komandamıza dəstək oldular. Bəlkə də aralarında klubumuzun bütün 1000 oyununu tribunadan izləyənlər var. Stadiona kifayət qədər azarkeş gəlmişdi. Qələbə qazanmaqla onların dəstəyini və əziyyətini qarşılıqsız qoymadıq. Qarşıdakı matçlara daha ciddi hazırlaşmağa çalışacağıq. Fərid Namazova və komandasına uğurlar arzulayıram”, - deyə Qurbanov bildirib.
Baş məşqçi milli komandaların düşərgəsindən qayıdan və zədələrini sağaldan futbolçuların hazırkı vəziyyətinə də aydınlıq gətirib.
Onun sözlərinə görə, bəzi oyunçular hələ optimal idman formasını bərpa edə bilməyiblər:
"Futbolçularımız adaptasiya və bərpa prosesini hələ tam başa çatdırmayıblar. Müəyyən çatışmazlıqlar var. Çünki təxminən 20 gün ərzində oyunçularımızın böyük hissəsi komandadan ayrı idi. Bundan başqa, zədəli futbolçularımız da var idi. Buna baxmayaraq, hamısı məşqlərə böyük istək və məsuliyyətlə yanaşır. Yaxşı idman formasını bərpa etmək üçün vaxt lazımdır. Ancaq bütün futbolçularımdan razıyam. Onların nə qədər istəkli və peşəkar olduqlarını görürəm”.
///idman.biz///











































