"Bu oyun da vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Mərhələ bir matçdan ibarətdir. Yaxşı komandaya qarşı oynayacağıq".
AZXEBER.COM-un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovanın "Şerif" klubu ilə qarşılaşacaqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmada futbolçuların nə lazımdırsa edəcəklərinə inanır. Qurbanovun sözlərinə görə, illər ötdükcə həm klub, həm də futbolçular böyüyür: "Hər iki komandanın yaxşı heyəti və böyük təcrübəsi var. Daha əvvəl iki dəfə qarşılaşmışıq, amma buna fikir vermirik. Bizi çətin oyun gözləyir. Meydançaya gəldikdə, hər gün ot örtüyü ilə maraqlanırdım. Sabah daha yaxşı olacaq".
Təcrübəli baş məşqçi mərakeş əsilli fransalı oyunçu Abdullah Zubir barədə də danışıb: "Onun meydanda faydalı iş əmsalı çoxdur. Futbolçulardan əvvəlki performansı tələb edə bilmərik. Oyundan-oyuna daha yaxşı Zubir görəcəyik. Həm psixoloji, həm də fiziki hazırlıq bir-birini tamamlamalıdır. Bunlardan biri olmadıqda problem yaşanır".