"Qurbanov, kömək et" (KÖŞƏ)

KÖŞƏ
09:18 03.04.2011
2059

Son qoyaq rəzalətə, məntiqsiz futbola və ən əsası milyonlarımızı cibinə qoyan Foqtsa, Foqtsun himayədarlarına. Foqtsun komandası, 2006-ci ildə Brüsseldə Belçikaya 0:3 hesabı ilə uduzan Şahin Diniyevin yığmasından nə ilə fərqləndi ki? Əgər fərqi yoxdursa, almana 2 milyonu nə üçün veririk? Müqavimətsiz məğlubiyyət üçün məşqçi lazım deyil. Rəşad Sadıqov heyəti özü yığar, deyər “çıxaq öz bildiyimizi oynayaq” və nəticə yenə belə olar. Hələ utanmaz-utanmaz çıxıb deyir ki, “millimiz kombinasiyalı futbol oynadı”. Deyəsən, Berti başqa oyuna baxırdı, biz isə başqa. 90 dəqiqə ərzində 4-5 dəfə kor-koranə hücum qurduq. “Dahi” Foqts buna kombinasiyalı futbol deyirsə, ona məşqçi deməyi özümə ayıb bilirəm. Dərhal deyirlər futbolçu yoxdur, Foqts neyləsin? Oyunçu yoxdursa, qoy Foqts qayıtsın vətəninə, oyunçu olanda qayıdıb gələr. Biz isə almana verdiyimiz pullara uşaq futbolunu inkişaf etdirərik, stadionlar tikərik (təbii örtüklü). “Qarabağ” Norveç, Finlandiya, Polşa, Şimali İrlandiya, Makedoniya klublarını azərbaycanlı futbolçularla diz çökdürürsə, deməli, futbolçularımız var. Sadəcə, Foqts onlardan düzgün istifadə edə bilmir. Rəşad Sadiqovu, Elnur Abdullayevi, Rəşad Abdullayevi, Cavid İmamverdiyevi milliyə çağırmadı, çağırdıqları nə etdi ki? Hal-hazırda əla formada olan Vüqar Nadirov ehtiyatda oturur, pis günlərini yaşayan Mahir Şükürov, Vaqif Cavadov ilk onbirlikdə meydana çıxır. Hanı Foqtsun uğurlu müdafiə futbolu? 4 oyunda qapımızda 13 qol görmüşük. Hücum futbolu oynayırıq deməyin, ağ yalan olar. Biz futbol oynamırıq, futbolla oynayırıq. Daha doğrusu, biz yox, neftin pullarını sağa-sola xərcləyənlər.

Foqts, vicdanın olsun, get buralardan. Milyonları da götür, haram xoşun olsun, get. Əgər sən heç nəyi dəyişməyə qadir deyilsənsə, o zaman get. Yaşın da 60-ı keçib, get istirahət et. Sənin futbolun 15 il əvvəldə qalıb. Şotlandiyadan, Nigeriyadan qovuldun, heç olmasa Azərbaycandan özün get. Özün də yaxşı pul qazandın, hələ Gede ilə Şeferə də şərait yaratdın. Gözün doysun, insaf elə.

Bu gün “Qarabağ”ın sayəsində Polşada, Norveçdə, Finlandıyada bizi hörmətlə xatırlayırlar. Ümid etməliyik ki, “Qarabağ” Avstriya və Belçika klubları ilə üz-üzə gəlib, onlara da gücümüzü göstərsin. Ya da ki, vaxt itirmədən Qurban Qurbanovu millinin başına gətirib, keçmişimizi basdırıb, yeni dönəmə başlamalıyıq. Şərait yaratmalıyıq ki, Qurban müəllim Əfran İsmayılov, Maksim Medvedev, Araz Abdullayev, Cavid İmamverdiyev kimi gənclərlə “Qarabağ”ın oyununu nümayiş etdirən milli komanda yaratsın. Gürcülər və ermənilər gənc yerli mütəxəssislər hesabına irəli gedir, biz isə hələ də alman qocanın nağıllarına qulaq asırıq.

Bəsdirin, milli xəcalətə son qoyun. Qurban Qurbanova şərait yaradın, bacarığını ortaya qoysun. Foqtsdan pis olmayacaq, buna əmin olun.

OXŞAR XƏBƏRLƏR