Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev bildirib ki, təqdirləndirilən şəxslərdən Namazalı Məmmədov, Emin Məmmədov və Səhrab Hümbətov dəymiş zərəri ödəyiblər. Nazirliyin nümayəndəsi adı çəkilən şəxslərə qarşı mülki iddialarının olmadığını bildirib.
İclasda Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlərlə çıxış edib. O, bildirib ki, istintaq dövründə mənimsənilən məbləğ 153 milyon göstərilib:" İstintaq dövründə bəzi şəxslər dəymiş zərəri ödəyib. Dəymiş zərər bəzi şəxslərə ödətdirilib. Bəlkə məhkəmə istintaqı başqa qərara gələcəkdi? Biz tələb edirik ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə sorğu göndərilsin və ödənilən məbləğ dəqiqləşdirilsin. Çünki ödənilən məbləğ iş materiallarında yoxdur".
E.Süleymanlı ekspertlərin, əlavə şahidlərin, mütəxəsislərin dindirilməsi ilə bağlı da vəsatət verib.
Vəkil cinayət işində olan ekspert rəylərinin araşdırılmasını, dəymiş ziyanın məhkəmə tərəfindən hesablanıb,konkret rəqəm göstərməsini istəyib.
Həmin vəsatətlərə isə zərəri ödəyən təqsirləndirilən şəxslərin vəkilləri etiraz ediblər. Onlar bildiriblər ki, dəymiş zərərin ödənilməsi ilə bağlı istintaq materiallatında məlumat var.
Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxışında deyib ki, mülki iddia konkret olaraq göstərilmir: "Mülki iddiaçı belə konkret məbləği müdafiə edə bilmir. Ekspertiza təyin edilsin, dəqiq məbləğ müəyyən edilsin. Vidadi Zeynalovun yaxınlarının da dəymiş zərərin ödənilməsi ilə bağlı təşəbbüsü var. İstəyirik ki, konkret məbləğ müəyyən edilsin və biz də bu məbləğlə bağlı müzakirə aparaq".
Vidadi Zeynalov isə vəsatətlərə münasibət bildirən zaman deyib ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə sorğu gödərməyə ehtiyac yoxdur:"Hər adamın ayağına nə qədər məbləğ yazılması qara hərflərlə istintaq materiallarında var. Mənə maraqlı deyil ki, kim nə qədər ödəyib".
V.Zeynalov digər iki vəsatətin təmin edilməsini, Maliyyə Nazirliyinin nümayəndələrinin, ekspertlərin dindirilməsini və sənədlərin elan edilərək məhkəmədə müzakirə edilməsini istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Proses günün ikinci yarısında davam edəcək. İclasda V. Zeynalovun ifadə verəcəyi gözlənilir.
Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.