Ramanada baş verən dəhşətli qətllin yeni - TƏFƏRRÜATLARI - FOTOLAR

Ramanada baş verən dəhşətli qətllin yeni - TƏFƏRRÜATLARI - FOTOLAR
SOSİAL
16:44 09.11.2016
9533

Son zamanlar ölkədə ailədaxili münaqişələrin qətl, yaxud da münaqişə tərəflərindən birinin ciddi xəsarətlər alması ilə nəticələnməsini tez-tez müşahidə edirik. Ailə-məişət zəminində baş verən münaqişələrdə adətən, kişinin qadına fiziki zor tətbiq etməsi, onu öldürməsi son dövrlər mətbuat səhifələrinə daha çox yansıyırdı. Bu hal cəmiyyət tərəfindən də pis qarşılanır, qadınların ailədə zorakılığa məruz qalmaları qınanılırdı. 


Lakin, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində ailədaxili münaqişə, qadının deyil, kişinin qətlə yetirilməsi ilə nəticələnib. Öncə hadisə barəsində qeyd edək ki, noyabrın 7-də Ramana qəsəbə sakini 1990-cı il təvəllüdlü Gülər Mirzəyeva 1984-cü il təvəllüdlü əri Şəmsi Babayevi bıçaqlayaraq öldürüb. Hüquq-mühafizə orqanlarından aldığımız məlumata görə, o, artıq qətli törətdiyini boynuna alıb. 26 yaşlı Gülər Mirzəyeva barəsində həbs-qətimkan tədbiri seçilib. Maddi sübut olan bıçaq isə ekspertizaya göndərilib.
Hadisənin təfərrüatları
Hadisə barəsində daha detallı məlumat əldə etmək məqsədi ilə "Yeni Müsavat”ın reportyor qrupu olaraq, qətlin baş verdiyi ünvana yollandıq. Bu gün Şəmsi Babayevin ölümünün üçüncü günü olduğu üçün onun yaşadığı ünvanda çadır qurulub, yas mərasimi təşkil olunmuşdu. Şəmsi Babayevin yaşadığı mənzil Ramananın içərisində  "Gülçülük sovxozu” deyilən ərazidə yerləşir. Öyrəndik ki, onunla qonşulaqda dayısıgil də yaşayır. Lakin hadisədən Şəmsinin dayısı da digər qohumları kimi sonuncu xəbər tutanlardan olub.

Mərasim yerinə çatana qədər Şəmsi Babayev bərəsində müəyyən bir təəssürata sahib olmaq üçün qonşuların onun barəsindəki fikirlərini öyrəndik. Söhbət etdiyimiz qonşular bildirdilər ki, Şəmsi çox sakit və mədəni insan olub. Söylədilər ki, o, Sabunçuda yerləşən şirniyyat yerlərinin birində işləyib və halal zəhməti ilə  pul qazanan, heç kimlə işi olmayan şəxs imiş. 

Qonşular onu da qeyd etdilər ki, onun ailəsində hansısa problemin olması barəsində konkret məlumata sahib deyillər. Çünki, bu barədə heç zaman Şəmsi kənarda hansısa fikir söyləməyib. Öyrəndik ki, Şəmsi və həyat yoldaşı bir neçə ildir ki, hadisə baş verən ünvanda yaşayırlar. Onların əslən Naxçıvandan olduğu söylənildi. 
 
Mərhumun qohumunun hadisə ilə bağlı söylədikləri
 
Qonşularla söhbətimizdən sonra qətlin baş verdiyi ünvana yollandıq. Söhbət etdiyimiz mərhumun yaxın qohumu (adının çəkilməsini istəmədi) bizə hadisə və ailə ilə bağlı bəzi məlumatları verdi.

Qohumunun sözlərinə görə, hadisəni heç də Şəmsinin həyat yoldaşının təkbaşına törətməsinə inanmırlar. Çünki mərhumun ölümünə səbəb olan bıçaq yarasının dərinliyi 8.5 santimetr olub. 

Qohumunun sözlərinə görə, qətl hadisəsi ilə bağlı  bundan başqa da şübhəli məqamlar yox deyil: "İlk olaraq onu qeyd edim ki, mərhumla həyat yoldaşının tanışlığı belə olub ki, qızın anası ilə Şəmsinin bacısı bir yerdə işləyiblər. Hər ikisi müəllimə olublar. Onlar vasitəsi ilə qız və oğlan bir-biri ilə tanış olublar. Lakin bu iki şəxsin xasiyyəti heç də bir-birinə uyğun olmayıb. Dəfələrlə ailədə münaqişələr olub, hətta ayrılmaq həddinə qədər gəlib çatıblar. Onlar iki dəfə ayrılmaq istəyiblər. Ancaq qız tərəfi oğlanı çağırıb hədələyib ki, əgər ayrılsan səni öldürəcəyik, qanını da batıracağıq. Mənzildə elə özləri yaşayırdılar. Yəni oğlanın valideynləri burada qalmırdılar. Onlar Naxçıvanda qalırdılar ki, gənc ailədirlər, rahat olsunlar. Axırı da bu cür oldu...”

Qohumunun sözlərinə görə, hadisə baş verən zaman evdə qızın atası və qardaşı da olub: "Bilinmir ki, kim tərəfindən vurulub. Həmin vaxt qızın qardaşı da, atası da evdə olublar. Hadisə təxminən gündüz saat 11-12 aralığında baş verib. Gəlinin bir dayısı vardı, maddi vəziyyəti yaxşı idi. Oğlanı tez-tez onunla hədələyirdilər ki, qızdan ayrılmasın. Şəmsi özü çox ağır təbiətli, sakit bir insan olub. Bir neçə il öncə Türkiyədə fəhlə işləyirdi. Sonradan gəldi Bakıya, burada şirniyyat mağazalarının birində çalışırdı. Evin də tək uşağı olub. İnandırım sizi ki, özündən böyüklərin hər zaman hörmətin saxlayan, bir söz deyəndə utanıb, qızaran adam idi. Ailənin 2 yaşlı bir qız övladı var. Hadisədən sonra qızın qohumları uşağı da götürüblər, gətirdikləri cehizi də yığışdırıb aparıblar. Ümumiyyətlə, qızın qohumları ailəyə tez-tez müdaxilə edirdilər. Hətta bir ara deyirdilər ki, evi satın, gəlib bizim yanımızda qalın. Düşünmürük ki, hadisəni qız təkbaşına törədib. Çünki, o, heç də belə bir hadisəni törədəcək fiziki gücdə  deyildi”.

Səslənən ittihamlarla bağlı hadisəni törətməkdə şübhəli bilinən Gülər Mirzəyevanın qohumlarının fikrini ala bilmədik. Çünki, onlar yas yerinə gəlməmişdilər. 
Öyrəndik ki, Məhkəmə-Patoloji Anatomiya Şöbəsində meyit müayinə olunarkən bıçaq xəsarətinin qarının aşağı ətrafında olduğu, ayaq arteriyasına düşdüyü qeyd olunub. Ölümün səbəbi də elə bu olub. 

İddia olunur ki, hadisədən sonra Şəmsi Babayev evin içərisində dolaşaraq, çölə çıxmağa cəhd edib. O, divardan tutaraq hərəkət etdiyi üçün divarlara da qan bulaşıb. Lakin Gülər Mizəyevanın yaxınları divardakı qanı silərək, hadisəni intihar kimi qələmə vermək istəyiblər.
Şəmsi Babayevin yaxınları bildirdilər ki, onların istədikləri tək şey, günahkarın layiqli cəzasını almasıdır. 

Onu da qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 
 
///Musavat.com 

 

 
 

 


 


 


 


 

 

OXŞAR XƏBƏRLƏR