Ramil Qasımov 27 illik arzusuna çatdı - FOTO

Ramil Qasımov 27 illik arzusuna çatdı - FOTO
MƏDƏNİYYƏT
00:09 10.01.2026
460
"İllərdir ürəyimdə olan arzu dünən gerçəyə çevrildi. "Kavaradossi" partiyasını ifa etdim".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Akademik opera və Balet teatrının solisti, Əməkdar artist Ramil Qasımov deyib. 

Əməkdar artist illər öncə özünə verdiyi sözü tutmasından qürurla söz açıb:

"Xatirimdədir, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində "Tosca" operasına baxmışdım. "Tosca" rolunda dövrümüzün canlı əfsanəsi xalq artisti Xuraman Qasımova, "Kavaradossi" rolunda Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, dirijor pultunda isə musiqi mədəniyyətimizin canlı əfsanəsi Xalq artisti Rauf Abdullayev dayanırdı.

Bu tamaşada səslənən musiqi məni dərindən heyran etmişdi. Xüsusilə "Kavaradossi"nin ölüm səhnəsi, onun ariyaları və bütövlükdə əsərin musiqi ilə qurulan dramatik süjet xətti mənə unudulmaz təsir bağışlamışdı. Elə həmin gün ürəyimdə bir qərar vermişdim — haçansa bu partiyanı özüm ifa etməyi arzulayırdım. O arzu dünən gerçəyə çevrildi. "Kavaradossi" partiyasını ifa etdim.

Ramil Qasımov bu çətin və məsuliyyətli işdə ona dəstək olan insanlara təşəkkür etməyi də unutmayıb:

"Tamaşanın ilk anlarından etibarən yanımda olan əziz dostum, çalışdığım teatrın direktoru, dünya şöhrətli tenor Yusif Eyvazovun səmimi dəstəyini və qayğısını hiss etdim. Dirijor Əyyub Quliyevin yüksək peşəkarlığı, solistlərin vahid ansambl ruhu və ən əsası — səhnə ilə nəfəs alan opera sevərlərin sevgisi bu gecəni mənim üçün daha da dəyərli etdi".
 
Aysel Hacızadə

 


 



OXŞAR XƏBƏRLƏR