Ramiz Alıyev: “Radikallar Azərbaycanı hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə salmaq istəyirlər”

Ramiz Alıyev: “Radikallar Azərbaycanı hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə salmaq istəyirlər”
SOSİAL
17:51 25.01.2019
8175
"Onların bu cür təxribatları nəticə verməyəcək və Azərbaycan dövləti ictimai asayişin pozulmasına imkan verməyəcək”

Azərbaycan dövlətinin inkişafında ölkədəki ictimai-siyasi sabitliyin böyük rolu var. Radikal müxalifət isə ölkədə vətəndaş qarşıdurması yaratmaq istəyir. Müxalifətin bu kimi antimilli, dağıdıcı fəaliyyəti ictimaiyyət tərəfindən mənfi qarşılanır.
 
Bununla bağlı fikirlərini özəl olaraq bildirən politoloq Ramiz Alıyev dedi ki, Azərbaycanda hakimiyyət illərdir dövlətçiliyə sadiq qalaraq ölkədə ictimai asayişin qorunmasına, sabitliyin bərqərar olmasına çalışıb və nail olub: "Bilirsiniz ki, bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində belə, ictimai asayiş pozulur. Şükürlər olsun ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda siyasi sabitlik ən yüksək səviyyədədir və ictimai asayiş aidiyyəti dövlət orqanları tərəfindən qüsursuz olaraq qorunur”.
 
Politoloqun fikrincə, o ölkələr inkişaf edir ki, orada sabitlik hökm sürür və ictimai asayiş yüksək səviyyədə qorunur: "Burada söhbət həm ölkənin iqtisadiyyatından, həm əhalinin sosial rifahından, həm də hərbi gücündən gedir. Siyasi sabit olmayan, ictimai asayişi qorunmayan, qarşıdurma olan bir ölkədə hansı xarici və yerli iş adamı biznes qura bilər?! Və yaxud da başı qarşıdurmaları yatırmağa, ictimai asayişi qorumağa qarışan ölkə necə inkişaf edə və ya əhalisinin sosial durumuna, hərbi gücünə diqqət ayıra bilər?! Əlbəttə ki, bütün bunları ölkəmizə düşmən olan dövlət və onun lobbisi, eyni zamanda dövlətimizin inkişafını istəməyən xarici dairələr çox yaxşı bilir və hesablayırlar. Məhz ona görə də ölkə daxilində himayədarlıq etdikləri, maliyyə dəstəyi göstərdikləri partiyalara və digər siyasi təşkilatlara lazımi tapşırıqlar verərək ölkə ərazisində onlar vasitəsilə qarşıdurmalar yaratmağa çalışırlar. Təəssüflər olsun ki, ölkəmizdə olan bəzi qüvvələr də erməni lobbisinin, xarici xidmət orqanlarının tapşırıq və göstərişlərini yerinə yetirirlər”.
 
Ramiz Alıyev bildirdi ki, bu gün Azərbaycanın nail olduğu inkişaf və nüfuz, dünyanın Dağlıq Qarabağ məsələsində Azərbaycanı haqlı tərəf kimi qəbul etməsi erməni lobbisi və ölkəmizi sevməyən qüvvələri narahat edir: "Ona görə də həmin qüvvələr hərəkətə gəliblər. Həmin qüvvələr himayə etdikləri və maliyyə dəstəyi göstərdikləri sapı özümüzdən olan baltalar - siyasi təşkilatlar və şəxslər vasitəsilə ölkəmizdə ictimai asayişi pozmağa çalışırlar.
 
Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi nədir? Əlbəttə, onlar belə tapşırıq alırlar və canla-başla onu icra edirlər. Son aksiya göstərdi ki, radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar. Amma onların bu cür təxribatları nəticə verməyəcək və Azərbaycan dövləti ölkəmizdə ictimai asayişin pozulmasına imkan verməyəcək”.

OXŞAR XƏBƏRLƏR