“Ramiz Mehdiyevin bunu təkbaşına həyata keçirməsi mümkün deyil” - Deputat

“Ramiz Mehdiyevin bunu təkbaşına həyata keçirməsi mümkün deyil” - Deputat
SİYASƏT
14:50 28.10.2025
630
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə AZXEBER.COM-a açıqlamasında deyib ki, Ramiz Mehdiyev haqqında irəli sürülən ittihamlar kifayət qədər ciddidir:

"Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti kimi nüfuzlu və peşəkar istintaq orqanı Ramiz Mehdiyevlə bağlı bu cür ittihamlar irəli sürürsə, deməli, onların əlində çox ciddi məlumatlar var. Ramiz Mehdiyevin sözügedən məsələləri təkbaşına həyata keçirməsi mümkün deyil. Çox güman ki, onun ətrafında geniş bir çevrə olub. Həmin komanda üzvləri də istintaqın nəticələrinə uyğun olaraq, böyük ehtimalla, məsuliyyətə cəlb olunacaqlar”.


Deputat deyib ki, iki həftəyə yaxındır ki, Ramiz Mehdiyev ictimaiyyət arasında ciddi müzakirə mövzusudur:

"Ramiz Mehdiyev ictimaiyyət arasında ciddi müzakirə mövzusudur. Bu da təsadüfi deyil, çünki o, uzun illər ərzində Azərbaycanda mühüm vəzifələrdə təmsil olunub və müəyyən proseslərə təsir etmək imkanına malik olub”.

Parlamentari qeyd edib ki, Ramiz Mehdiyevin Rusiyaya ünvanlandığı iddia olunan məktubda qeyd olunan faktlar çox ciddi məsələlərdir:

"Öz dövlətinin daxilində hansısa proseslərə və hakimiyyət dəyişikliyinə nail olmaq üçün başqa bir dövlətdən kömək istəmək dövlətə xəyanət sayılır. Həmçinin məktubda nəzərdə tutulan mexanizm hakimiyyəti zorla ələ almaq cəhdini ehtiva edir. Siyahıda "Dövlət Şurası” adlı amorf bir qurumun yaradılması və onun tərkibində 50 nəfərin təmsil olunması nəzərdə tutulub. Bu da cinayət əməli kimi qiymətləndirilməlidir, çünki Azərbaycan prezidentli respublika idarəetmə quruluşuna malikdir. Hər hansı yeni qurumun formalaşdırılmasına cəhd Konstitusiyaya ziddir və birmənalı şəkildə hakimiyyəti ələ keçirmək istəyi kimi dəyərləndirilməlidir”.

A.Əlizadə qeyd edib ki, Ramiz Mehdiyevin məktubda qeyd etdiyi 50 nəfərin dövlət strukturlarında təmsil olunması istisna deyil:

"Həmin şəxslər həm müxalifətdən, həm də hakimiyyət təmsilçiləri arasından ola bilər. Lakin konkret adlar çəkmək mümkün deyil. Çox güman, bu şəxslər yalnız istintaqa məlumdur və zaman keçdikcə adları açıqlanacaq. Məktubun kimə ünvanlandığı isə ayrıca maraqlı məqamdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR