"Ramiz Novruz qəlbimizdə daim yaşayacaq" - Rafiq Əzimov

MƏDƏNİYYƏT
11:52 21.02.2023
512
Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra vəfat edib.
 
AZXEBER.COM xəbər verir ki, Xalq artistiylə vida mərasimi keçirilir. Mərasimdə mərhum Ramiz Novruzun sənət dostları, yaxınları və onu sevənlər də iştirak edir. İştirak edənlərdən biri də Xalq artisti, teatr aktyoru Rafiq Əzimov olub.
 
Xalq artisti AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ramiz Novruz Azərbaycan teatrının böyük incilərindən biridir:
 
"O, öz qələmini sınamışdı. Bir çox tədbirlərdə onun əsərləri nümayiş olunurdu. Doğrudan da mən fəxr edirdim ki, Azərbaycanda belə aktyor var, hansı ki, həm də dramaturq kimi özünü sınayıb. Onun "Hələ sevirəm deməmişlər" qələmindən çıxdığı əsər uzun illər bizim teatrın səhnəsində dönə-dönə göstərilir. Mən yalnız onu deyə bilərəm ki, bu gün səhər başsağlığı verəndə də yazdım ki, böyük sənətkarlarımızı itiririk. Çox doğru deyiblər ki, böyük sənətkar yaranır az-az, hər yerdə hər zaman inci tapılmaz. Ramiz Novruz o incilərdəndir ki, bizim qəlbimizdə daim yaşayacaqdır. Əzizlərinə başsağlığı veririk. Allah onun övladlarını qorusun. Oğlu Cavidan bizim teatrda oynayır. Yaxşı rolları var. Çox sağ olun. Allah rəhmət etsin".
 
Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkirdi.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR