- Yox, dəvət çoxdur, özüm belə istəyirəm. Mən əsasən ANS-də və İctimai televiziya ekranından sözlərimi deyərək şeirlərimi oxumuşam. Bunu mənə irad tutanlar da olub. Doğrusu, mən “sev məni, sevim səni” prinsipi ilə yaşayan adam deyiləm. Amma o kanallardakı insanların mənə olan səmimi münasibətini bilirəm. Onların səmimi münasibətinə cavabım da budur ki, çıxıram və sözümü deyirəm. Mən o kanallara çıxanda ürəyimdən olmayan bircə söz də işlətməmişəm. ANS TV-nin efirində “Zərif Çərşənbə” və “Milli metr” verilişində oxuduğum şeirlərin təsir gücü daha çox oldu. Mən bunu internetdə də görürəm. Bir şerin insanlara mənəvi-psixoloji təsir gücü ən radikal qəzetin beş illik nüsxəsindən də artıq ola bilər. Çünki şeir insan yaddaşına hoparaq özünə yer tapır. Hətta unutmaq istəsən də, unudulmur.
- Sizə müraciət edən uğursuz şairlər çox olub? Sizin onlara cavabınız necə olub? - Bildiyiniz kimi mənim öz prinsiplərim var. Mən şeir kitablarına ön söz yazmıram. Öz şeir kitabına ön söz yazdırmaq üçün mənə müraciət edən məndən cavan və yaşlı şairlərin uzun siyahısını tərtib etmək olar. Ancaq mən heç kimin kitabına ön söz yazmamışam. Çünki bu çox məsuliyyətli işdir. Baxmayaraq ki, mənim xoşuma gələn şairlər var. 60-cı illərin sonunda mənim yaradıcılığımın təxminən üç-dörd ili mahiyyət etibarı ilə eksperimentlər dövrü olub. Elə bir cərəyan qalmayıb ki, ora baş vurmayım. Amma adam var ki, 30-40 ildir elə həmin eksperimentlərlə məşğuldur. İnsan gərək hər sahədə özünü tapa. Fəlakət özünü tapmayanlarındır. Qrafomaniya böyük bəladır. Adını çəkmək istəmədiyim, tutalım ki, “Həsən” adlı bir şair qəzetdə yazmışdı ki, “bir vaxtlar mən də Ramiz Rövşəni yamsılayırdım. 46-cı Ramiz Rövşən idim”. Şeirlərinə baxdım, sonra dedim ona deyin ki, 46-cı Ramiz Rövşən olmaq birinci “Həsən” olmaqdan xeyli abırlı işdi. (Gülür) - Həm sovet dövrü, həm də müstəqillik dövründə yazıb-yaradan şair kimi nə deyə bilərsiniz? Hansı dövrdə söz demək daha çətin idi? - Özünüz bilirsiz ki, mən istər hakimiyyətə, istərsə də dövrə kifayət qədər tənqidi yanaşan adamam. Sizə birmənalı deyirəm, sovet dövrü ilə indiki dövrü müqayisə etmək olmaz. İndi söz demək qat-qat asandır. Mən mətbuatdan bir qələm sahibinin də həbs olunmağının tərəfdarı deyiləm. Mənim ünvanıma şər və böhtan deyənlər də daxil olmaqla. Elə şeylər var ki, onlara ictimai qınaq lazımdır. Azərbaycan cəmiyyətinin bir zəif cəhəti də ictimai qınağın olmamasıdır. Mən adlar çəkmirəm, amma yaxın tariximizdə, gözümüzün qabağında şərəfini itirmiş çox adamlar var ki, onlar yenə də ağayana gəzirlər, qəhrəmancasına yekə-yekə danışırlar. Halbuki ən azı onun bir vaxt əyləşdiyi post indi ona imkan vermir ki, belə davransın. Düzdür, indi çap olunmağın müəyyən maddi problemləri var. Amma elə yazmaq lazımdır ki, bu problem də aradan qalxsın. Yəni, sənə ehtiyac olsun. Özünü tərifləmək kimi çıxmasın, amma bir çox nəşriyyatlar istəyirlər ki, mənim kitablarımı nəşr etsinlər. Məndən xəbərsiz pirat kitabım çap olunub, neçə yerdə satılır. Qırmızı bir kitabdır, gündən-günə də qızarır... (Gülür)- Sizə bu xoşdur, yoxsa…? - Yox, mən buna çox pis baxıram. Özü də təkcə ona görə yox ki, mənim əqli mülkiyyətim hesabına başqa adamlar pul qazanır. Üstəlik həmin kitabda xeyli səhv var. Bu səhvlər həm şeirlərin təsir gücünü azaldır, həm də oxucunu çaşdırır.- Şeirləri ərəb ölkələri və İranda çap olunan bir şəxs kimi bu günlərdə bu ölkələrdə baş verən prosesləri necə dəyərləndirirsiniz? - İranda baş verən son proseslər heç şübhəsiz ki, Güney Azərbaycanda gedən böyük milli oyanışın göstəricisidir. O ki qaldı ərəb ölkələrinə, siz fikir versəniz görərsiniz ki, inqilab baş verən ərəb ölkələri elə də maddi sıxıntısı olan dövlətlər deyil. Bunların əksəriyyəti neft ölkələridir. Bu inqilablar ərəb dünyası içində Qərb və Avropa dəyərlərinə daha yaxın olan ölkələrdə baş verir. Çünki bu ölkələrdə seçim azadlığı yoxdur. - Seçim azadlığı əldə etmək üçün mütləq küçələrə çıxaraq qan tökmək lazımdır? Yoxsa bunu əldə etməyin hər hansı alternativ yolu mövcuddur? - Sizə səmimi deyim ki, mən ümumiyyətlə inqilab tərəfdarı deyiləm. Başda oktyabr inqilabı olmaqla bütün inqilabların tarixini bilən şəxs kimi deyə bilərəm ki, bütün inqilablar artıq yaşanan təcrübədir. Mən belə deyərdim, inqilab nəticəsi məlum olmayan, gedişatı isə bilinən bir prosesdir. İnqilabın gedişatında qan, ölüm olur. Seçim azadlığına qovuşmaq üçün ilk növbədə söhbətimizin əvvəlində qeyd etdiyim kimi barış nöqtələrinin tapılması vacibdir. Mən Azərbaycana inqilab arzulamıram. Çox istərdim ki, Azərbaycanda inqilab yox, islahatlar həyata keçirilsin. Əgər iki adam arasında savaş gedirsə, onda ilk növbədə barışıq addımını güclü tərəf atmalıdır. Söhbət təbii ki, real gücdən gedir. Əgər mövqeyi zəif, imkanları məhdud olan tərəf barışıq addımını atarsa, deyərlər ki, qorxdu. Güclü tərəf addım atanda isə deyərlər ki, böyüklük gəstərdi. Eyni şey cəmiyyətə, iqtidar və müxalifət münasibətlərinə də aiddir. Mütləq bu cəmiyyətdə barış nöqtələri axtarılmalıdır. Bizim söhbətimiz siyasi xarakterli olmasa da, bir məsələ ilə bağlı sözümü demək istəyirəm. Bu yaxınlarda mətbuatda köhnə dostum Arif Hacılının həbsxanadan yazdığı “Darıxıram” adlı bir şerini oxudum və çox təsirləndim. Bu gün Arif Hacılı ilə birgə icazəsiz mitinqlərlə bağlı həbsdə olan başqa şəxslər də var ki, məhkəmələri gedir. Şəxsən mənə bu məhkəmələrin gedişatı qeyri-ciddi təsir bağışlayır. Bu, tamamilə lazımsız bir prosesdir. Hakimiyyət üçün də, cəmiyyət üçün də. Qarşıdan müstəqilliyimizin 20 illik yubileyi gəlir. Mən inanmaq istərdim ki, həmin adamlar bu münasibətlə azad olunacaqlar. Bu, mənim dediyim həmin o barış nöqtəsinə sarı atılan ilk addım olardı. Yeri gəlmişkən, başqa bir məsələni də qeyd etmək istəyirəm. Bu yaxınlarda Flora Kərimovanın 70 yaşı tamam oldu. Əgər ölkədə yubiley keçirmək ənənəsi varsa, onda Flora Kərimovanın yubileyi mütləq keçirilməli idi. Biz söhbətimizin əvvəlində simvollardan danışdıq. Azərbaycan üçün xüsusi simvol sayılan müğənnilər, səslər var. Məsələn Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Qədir Rüstəmov, Alim Qasımov, Akif İslamzadə... Bu şəxslərin səsi həyatımızın, məişətimizin bir hissəsidir. Mən deyərdim ki, bu səslər bizim içimizə hopub. Flora xanım belə sənətkarlar sırasına aiddir. Mən heç bir ada və yubileyə daxili ehtiyacı olmayan bir insanam. Flora xanımın isə ehtiyacı oldu-olmadı yubileyi qeyd edilməlidir. - Yeri gəlmişkən son vaxtlar daha çox gileylənirlər ki, hər adama ad verilir... - Əksinə, məncə bu çox yaxşıdır. Çünki fəxri adları ləğv etməyin iki yolu var. Ya gərək bu adların verilməsini qadağan edəsən, ya da hər yetənə ad verəsən ki, qiyməti qalmaya. Görünür, ikinci yol seçilib. Bir vaxtlar Səməd Vurğun “Bizdə şeir də var, sənət də vardır. Şairə, sənətə hörmət də vardır” deyirdi. Şairə hörmət yaxşı şeydir, amma gərək ayrıseçkilik olmasın. Məsələn, Məmməd Araz bizim böyük şairimizdir. Məmməd Araz ədəbiyyatda hansı dəyərlərin daşıyıcısı idisə, bu gün həmin dəyərlərin daşıyıcısı Məmməd İsmayıldır. Məmməd Arazı sevib, Məmməd İsmayılı sevməmək artıq Məmməd Araza məhəbbəti də şübhə altına salır. Məsələn, Zəlimxan Yaqub xalq şairidir. Halal xoşu olsun. Ancaq Zəlimxan Yaqubdan əvvəl xalq şairi adı Musa Yaquba verilsəydi, mən bilən Zəlimxan da bundan qətiyyən inciməzdi. Bu dediklərimlə söhbətimiz bir qədər fərdiləşdi, ancaq mənim sadaladıqlarım reallıqlardır. - Bildiyiniz kimi bizim böyük aktyorlarımız olan Səməndər Rzayev və Hamlet Qurbanov əməkdar artist fəxri adları ilə dünyalarını dəyişiblər. İndi isə xalq artisti adının çoxlarına verilməsi siz necə təsir göstərir? Ümumiyyətlə, xalq şairi adını almağı arzulayırsınız? - Mən 20 il bundan əvvəl müsahibələrimdən birində demişdim, arzum budur ki, 100 kitabım çıxsa da, yenə mənə xalq şairi adı verilməsin. Vəsiyyətim də budur ki, 100 yaşında ölsəm də məni Fəxri Xiyabanda basdırmasınlar. Sonralar bir jurnalist xanım məndən soruşdu ki, birdən sizə xalq şairi adı versələr, nə olacaq? Mən də gülüb cavabında dedim ki, bu da olacaq mənim yerinə yetməyən arzularımdan biri. Zarafat öz yerində, amma düşünürəm ki, fəxri adın verilib-verilməməsi mahiyyətcə heç nəyi həll etmir. Ona qalsa, Süleyman Abdullayev kimi gözəl xanəndəmizin heç bir fəxri adı yoxdur. Bu o demək deyil ki, Süleymanı sevənlər azdır. Ümumiyyətlə, bu ad məsələsi ilə bağlı ehtiraslar, giley-güzarlar mənə gülməli gəlir. O ki qaldı Səməndər Rzayevə... Mən deyərdim ki, Səməndər dahi aktyor idi. Mən onunla dost olmuşam. O, bənzərsiz, müqayisəsiz bir sənətkar idi. Gürcülərin Səməndər kimi aktyoru olsaydı onun üçün xüsusi ssenarilər yazıb filmlər çəkərdilər. Təxminən 20 il bundan əvvəl dövlət televiziyasında Səməndər Rzayev haqqında bir saatlıq veriliş hazırlayıb rəhbərliyə təqdim etmişdilər. Rəhbərlik də həmin verilişi qəbul etməyib demişdi ki, əgər əməkdar artistə bir saatlıq veriliş həsr olunsa, onda gərək xalq artistinə iki saatlıq veriliş həsr oluna. Görün, nə qədər gülməli yanaşmadır. Təəssüf ki, bu cür yanaşma indi də bir çoxlarında var. Halbuki, Səməndər heç əməkdar artist olmasaydı da yenə onun dahiliyindən heç nə azalmazdı. Və elələri də var ki, beş qat xalq artisti və ya xalq şairi olsalar da, yenə vücudları beş qəpiyə dəyməz.P.S. Ramiz Rövşənlə Kinostudiyadakı söhbətim hələ çox uzanacaqdı, əgər otağa daxil olan katibə qadın şairə iclasın başladığını bildirərək vaxtı xatırlatmasaydı. Onu da qeyd edim ki, Ramiz Rövşənlə söhbətdən aldığım mənəvi zövq məni uzun müddət tərk etmədi. Düşünürəm ki, ömrümün axırınadək də tərk etməyəcək.