Bir neçə gün əvvəl Aslan İsmayılov öz Facebook səhifəsində mənim fəaliyyətimi təftiş etməyə cəhd göstərdi, barəmdə yalan məlumat yazmaqla hüquqşünasa yaraşmayan hərəkət etdi.
AZXEBER.COM xəbər verir ki, bu barədə millət vəkili Rasim Musabəyovun hüquqşünas Aslan İsmayılova öz Facebook səhifəsində yazdığı cavabda deyilir. “Sənin məndən xoşun gəlməyə bilər (bu qarşılıqlıdır), lakin bu əsas vermir ki, mənim barəmdə üç cümlədə dörd yalan yayasan. 1-ci yalan. Mən Azərbaycanda 1990-91-ci illərdə Bakı şəhər Partiya Komitəsində şöbə müdiri olmuşam. Həmin dövrdə çalışanlar yaxşı bilirlər ki, Azərbaycan Kommunist Partiyasında az saylı insanlardan biri olmuşam ki, açıq-aşkar Pribaltika respublikaların modeli üzrə islahatlar tərəfdarı kimi çıxış edirdim. Yəni, heç də sənin söylədiyin kimi sovet quruluşun müdafiəçisi olmamışam (həmin dövrə aid çoxsaylı məqalə və müsahibələrimin sürətlərini göndərə bilərəm). 2-ci yalan. Mən heç vaxt Vaqif Hüseynovun köməkçisi olmamışam. Uzaq 1974-76 illərdə, Vaqif Hüseynov Azərbaycan komsomolunun 1-ci katibi olanda mən tələbə-gənclər şöbəsinə rəhbərlik etmişəm. Moskvada Mərkəzi Komitənin aparatında çalışdığım dövrdə də onun tabeçiliyində olmamışam. 1981-ci ildə Vaqif Hüseynov Bakıda şəhər Partiya Komitəsinin 1-ci katibi təyin olanda məni yanına işə dəvət etsə də, onun təklifini qəbul etmədim və Moskvada qaldım. 1990-cı illərdə vətənə dönəndən sonra mənim Vaqif Hüseynovla nə xidməti, nə də ki şəxsi münasibətim olmayıb. O, öz memuarlarında bizim heç də yaxşı münasibətlərimiz olmadığı barədə yazib. Dediklərimdə əmin olmaq istəsən “Vikipedia”da olan bioqrafiyalarımıza və Vaqif Hüseynovun memuarlarına müraciət edə bilərsən. Onlar internetdə var. 3-cü yalan. Mən heç vaxt İsa Qəmbərə müşavirlik etməmişəm. 1995-2005-ci illərdə Müsavatın Divan üzvü olmuşam. Müsavat funksionerləri təsdiqləyə bilərlər ki, başqanın yaxın ətrafına daxil olmağa çalışmamışam və məsafəni saxlamışam. 2000-ci illərin əvvəllərində İsa Qəmbərin müavini olmaq təklifini qəbul etməmişəm. Çox vaxtı Divanın müzakirələrində mən xüsusi mövqe tutmuşam. Müsavat Partiyasının üzvü olsam da, müsavatçılıq ideologiyasını bölüşmədiyimi gizlətmirdim. O vaxtı partiyada liberallarla millətçilərin arasında gedən diskussiyalarda qəzetlər bu barədə yazıblar. 2005-ci il parlament seçkilərində Zəminə Dünyamalıyevanın xeyrinə namizədliyimi geri götürməkdən imtina etdim. “Azadlıq” blokunun birliyinə xələl gətirməmək üçün və İsa Qəmbərin şəxsi xahişini nəzərə alaraq, mən Müsavat sıralarını tərk etdim. Bütün bunlar KİV-də geniş işıqlandırılıb. Həvəsin olsa, tanış ola bilərsən. 4-cü yalan. Doğrudur, mən Soros Fondunun İdarə Heyətinin üzvü olmuşam. Lakin xatırlamıram ki, fond Heydər Əliyevə qarşı yönələn hər hansı bir kitabın nəşrinə dəstək versin və kimsə belə bir təkliflə çıxış eləsin. Fondun nəşriyyat proqramı çox cüzi olduğuna görə, o, əsasən qərbin tanınmış politoloq və iqtisadçılarının kitablarının tərcüməsinə və Hikmət Hacızadənin elektron kitabxanasının dəstəklənməsinə yönəlmişdi. Soros Fondunun İdarə Heyətinin üzvlərinin adları məlumdur və onlar sənin də ətrafında var (Arif Əliyev və Rəşid Hacılı). Mənim və fondun fəaliyyəti haqqında onlardan maraqlana bilərsən. Axı sən özünü az qala Azərbaycanın bir nömrəli hüquqşünası hesab edirsən. Belədirsə, şayiələrə yox, faktlara söykənməlisən”. Millət vəkili bildirib ki, nəyisə iddia etməmişdən əvvəl bu və ya digər məlumatların gerçək olduğunu yoxlamaq lazımdır: “Ona görə də, zəhmət çək, söylədiklərini mənim qeydlərimlə müqayisə et - mənbələr üzrə yoxlama da apara bilərsən. Əgər peşəkarlığın qalıbsa, onda cəsarət tapıb təkzib verərsən. Ölkədə gedən siyasi proseslər və onun iştirakçıları olan siyasətçilər haqqında fikir bildirmək mənim öz işimdir. Səndən fərqli olaraq mən heç vaxt kiminsə haqqında yalan və şayiə yaymamışam, birbaşa və əsaslandırılmış fikir səsləndirmişəm”. Qeyd edək ki, A.İsmayılov öz səhifəsində R.Musabəyovun sədaqətlə keçmiş KQB-nin sədri Vaqif Hüseynova qulluq etməsini, onun ən fəal köməkçisi olduğunu, yeni dövrdə tez missiyasını dəyişib Müsavat başqanı İsa Qəmbərin müşaviri, Soros Fondunda şura üzvü olduğunu yazıb.