"Rasim Ocaqov kinomuz üçün bir yanar ocaq oldu"

MƏDƏNİYYƏT
19:10 25.11.2023
943
Vüqar İskəndərov
Milli Məclisin deputatı 
Rasim Ocaqov... Azərbaycan kinematoqrafiyasını bu adsız, bu imzasız təsəvvür etmək olmaz. Kino sözünün hərflərindən tutmuş, ən mürəkkəb detalına kimi bilən və bu sənəti də mükəmməl şəkildə gələcək nəsillərə ötürən Rasim Ocaqov olmasaydı, bəlkə də 70-ci illərin kinematoqrafiyası zəif təsir bağışlayan filmlər dönəmi olaraq yadda qalardı.
 
Çünki Rasim Ocaqov imzası olan filmlərin demək olar hamısı nəinki Azərbaycan, keçmiş Sovet İttifaqında da ad çıxarmış, mükafatlar almış filmlər siyahısına girirdi. 

Deputat Vüqar İskəndərov bildirib ki, Ocaqovun sənətə gəlişi də çox maraqlı olub. "Onun həyatını oxuyanda görürük ki, hansısa bir sirli aləm balaca Rasimi kino dünyasına çəkib. Çünki uşaqlıqdan Rasim Ocaqov foto ilə maraqlanır, həvəskar şəkillər çəkirdi. Ancaq arzusu rejissor olmaq yox, geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrupun gəlməsi, fotoqrafiya ilə ciddi məşğul olan Rasimin peşəkarların işlərini nəzərdən keçirməsi onun həyatında bir dönüş nöqtəsi oldu. Sirli kino aləmi onu özünə elə çəkdi ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara aldı. Beləcə Moskva Ümumittifaq Kino İnstitutuna daxil olan gənc 1951-1956-cı illərdə kinooperatorluq fakültəsində dərs alır. 

Bir şəkili olaraq fəxr edirəm ki, Azərbaycanın mədəniyyət ocağı, hər daşında, divarında tarix yatan, demək olar bütün sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Şəki Rasim Ocaqov kimi bir dahini də Azərbaycan kinematoqrafiyasına bəxş edib".

Dahi ona görə deyirəm ki, onun Azərbaycan kinosunda rolu təkca hansısa bir ixtisasla, peşə ilə hüdudlanmayıb. Kinomuzun hər bir sahəsində ən kiçik vəzifədən tutmuş, baş rol, baş rejissor və s. vəzifələrə kimi hər addımda Ocaqov izlərini görmək mümkündür. Rasim Ocaqov həqiqətən kinomuz üçün bir yanar ocaq oldu. Kimisi onun istisinə sığındı, kimisi onun alovundan özünü müdafiə kimi istifadə etdi. Kimisi onun közündən öz yaradıcılığına qatdı. Nəticədə hələ də heyranlıqla və böyük maraqla izlədiyimiz Azərbaycan filmləri meydana çıxdı.

Əvvəlcə yaradıcılığına kinooperator olaraq başlayan Rasim Ocaqov daha sonra rejissorluq təhsili almaqla şedevr əsərlərini yaratmış oldu. Onun filmləri ən nüfuzlu Azərbaycan, ümumittifaq və beynəlxalq mükafatları qazanıb və ən əsası, onun filmləri növbəti onilliklər üçün Azərbaycan kinematoqrafiyasının simasını müəyyən edib. R.Ocaqovun filmləri olmadan həmin dövrün kinematoqrafiyası gövdəsiz budaqlar kimi, ümumi qayəsi olmayan ayrı-ayrı kinolentlərə parçalanır. O, dünya kino ənənələrindən məharətlə yararlanan kinematoqrafiya nümayəndələrindən olub. R.Ocaqovun filmlərinin üslubu digərlərindən həmişə fərqlənib: kadrın dəqiq kompozisiyası, dramatik epizodlarda görüntünün dəqiq qrafik cilalanması və lirik epizodlarda təsirli əlvan effektlər. Onun rejissorluq işində operator Ocaqovun yenilikləri ilə qanunauyğun əlaqə görünür". 

Rasim Ocaqovun "Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" kimi filmləri kino sənətimizə yenilik gətirdi. 

Ustad sənətkarın bu il anadan olmasının 90 illiyidir. Bu bir həqiqətdir ki, hələ də onun ocağının külləri Azərbaycan kinosunda sayrışır. Bu gün bizim korifey adlandırdığımız bir çox sənətkar demək olar ki onun yetirməsi yaxud da onun kəşfidir. Ona görə də Rasim Ocaqovun Azərbaycan kinosu üçün misligörünməz xidmətləri adını kino tariximizə qızıl hərflərlə yazıb.

Ruhun şad olsun, böyük sənətkar...

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb