Rauf Arifoğlu: "Mən ən yaxın rəqibimi bir neçə minlik səs fərqi ilə üstələmişəm"

Rauf Arifoğlu: "Mən ən yaxın rəqibimi bir neçə minlik səs fərqi ilə üstələmişəm"
Seçki2024
12:29 10.02.2020
4594
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. 
 
118 seçki dairəsində lider namizədlər bəlli olsa da, 7 seçki dairəsində lider müəyyən deyil.
 
Qalibin rəsmi olaraq bəlirlənmədiyi seçki dairələri arasında "Ümid" Partiyasının sədri İqbal Ağazadə ilə "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun rəqib olduqları 35 saylı Xətai üçüncü seçki dairəsi də var.
 
AZXEBER.COM xəbər verir ki, Rauf Arifoğlu müəmmalı durumla bağlı açıqlama yayıb: 

"Deputatlığa namizəd olduğum 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri MSK tərəfindən açıqlanmayıb. Buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir. MSK sədri Məzahir Pənahov mətbuat konfransında deyib ki, bu şikayətlərə həssaslıqla baxılacaq, bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb. (Ümumilikdə 8 dairə) Təbii ki, seçki mürəkkəb bir tədbirdir, böyük bir yarışdır, onminlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi teatrdır. Bu baxımdan, gərginlik, çəkişmə, mübahisə gözləniləndir. O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik. Lakin biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq.
 
Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə minlik səs fərqi ilə üstələmişəm. Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq! Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundir. Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək. Ona da əminəm ki, ən qısa zamanda hər şey aydınlaşacaq, haqq etdiyim qələbə rəsmiləşəcək, daha da legitimləşəcək və həm minlərlə narahat seçicim, həm dostlar sevinəcək. Millətimizə və dövlətimizə xeyirli olsun!"
OXŞAR XƏBƏRLƏR